O, kiçik yaşlarından musiqiyə böyük həvəs göstərirdi. Nə vaxtsa tanınmış müğənni olmaq, böyük səhnələri fəth etmək, ən yüksək zirvələrə ucalmaq istəyi bir an belə onu tərk etmirdi. İstəyirdi ki, oxuduğu, bəstələdiyi mahnılar tamaşaçı qəlbinə yol tapsın. Hələ uşaq ikən təkidlə anasına aldırdığı gitara bu gün də, onun sevdiyi musiqi alətidir. O, böyüdükcə arzuları da onunla birgə böyüyürdü, şaxələnirdi…
…Hər şey həmin müsabiqədən başladı. Çingizə tamaşaçı rəğbəti, məşhurluq və qələbə qazandıran «Yeni ulduz» müsabiqəsindən. Müsabiqənin seçim turunda ifa etdiyi «Faytonçu» mahnısı ona bir günün içərisində məşhurluq qazandırdı. Həmin günü Çingiz belə xatırlayır: «Televiziyada məni cəmi bir gün göstərmişdilər. Ertəsi gün metroya minə bilmirdim. Hamı məni göstərib «bu gitarada ifa edən həmin oğlandır»,-deyirdi». Özünəməxsus ifa tərzi ilə fərqlənən müğənni Çingiz Mustafayevi digərlərindən fərqləndirən daha bir xüsusiyyəti onun idmana maraq göstərməsidir. Bir müddətdir ki, kunq-fu ilə məşğul olan həmsöhbətim Çingiz və onun şəxsi məşqçisi İlham Kərimovla idman zalında görüşdük. Çingiz Mustafayev «Olimpə doğru» jurnalına müsahibəsində həyatının bir sıra maraqlı məqamlarına toxundu.
- Çingiz, uşaqlıq illərini necə xatırlayırsan?
- 1991-ci ildə Moskvada anadan olmuşam. 7 il orada yaşadıqdan sonra öz rayonumuza-Qazağa qayıtdıq. Uşaqlıq illərim çətin keçib. Məndən böyük bir qardaşım var. Bizə uşaqlıqda nənəm baxıb. Rayonda yaşayış çox çətin idi. Qaz, işıq yox idi, hər dəqiqə məişət problemlər ilə üzləşirdik. Amma bütün bunlar mənim musiqiyə olan hədsiz marağımı azaltmırdı. Gitara çalmaq ən böyük arzularımdan biri idi. Rayonda musiqi müəllimi tapmaqda çətinlik çəkirdim. Uşaqlıqda rəssamlığa da marağım var idi. Bu maraq indi də azalmayıb. Hərdən rəssamlıqla da məşğul oluram. Bəlkə də, yaxşı bir rəssam ola bilərdim. Amma bu sənətin arxasınca getmədim.
- Bəs musiqiyə həvəs səndə necə yarandı?
- Qəlbimdə musiqiyə böyük həvəs var idi. Bir gün anama dedim ki, mənə gitara al. Anam elə bildi ki, zarafat edirəm. Sonra gördü ki, fikrimdə ciddiyəm və mənə Bakıdan gitara alıb göndərdi. Yavaş-yavaş bu alətdə ifa etməyi öyrənirdim. İspan musiqi janrının incəliklərini dərindən bilmək istəyirdim. Amma bunu təkbaşına öyrənmək o qədər də asan deyildi. Çətinlik çəkirdim. Televizor, internet vasitəsilə müxtəlif gitara ifaçılarının əl hərəkətlərini izləyir, bu yolla ispan musiqisini öyrənməyə çalışırdım. Yavaş-yavaş püxtələşdim. 16 yaşımda «Yeni ulduz» müsabiqəsində itirak etmək üçün Qazaxdan Bakıya gəldim. Çıxışlarım münsiflər heyətinin o qədər xoşuna gəldi ki, seçim turundan birbaşa 16-lığa dəvət aldım. Bu müsabiqənin qalibi adına layiq görüldüm. Sonra İspaniyada master-klass dərsləri aldım və Bakıya qayıdıb karyeramı qurmağa başladım. Şükürlər olsun ki, hazırda musiqi aləmində öz dəsti-xəttimlə seçilirəm.
- «Yeni ulduz» müsabiqəsində iştirak etdiyin ilk gündən digər iştirakçılardan xüsusi istedadınla fərqlənirdin. Bu müsabiqədə əldə etdiyin qələbəni həyatının ən yüksək uğuru adlandırmaq olarmı?
- Elə hər şey həmin müsabiqədən başladı. İlk seçim turunda «faytonçu» mahnısını ifa etdim. Televiziyada məni cəmi bir dəfə göstərmişdilər. Amma ertəsi gün metroya minə bilmirdim. Hamı məni göstərib «bu gitarada ifa edən həmin oğlandır»,-deyirdi. Düzdür, müsabiqəyə qatılmasaydım da, özümə karyera quracaqdım. Amma etiraf edim ki, hər şey bu qədər tez və asan olmayacaqdı. Yəni mahnı müsabiqəsi mənim həyatımda çox böyük rol oynadı. Müsabiqə vaxtı biz gün ərzində televiziyada nümayiş olunurduq. «Yeni ulduz» müsabiqəsinin mənim tanınmağımda çox böyük rolu oldu. Onu da deyim ki, bu cür müsabiqələrdə şan-şöhrət səni tez tapır, çox tez tanınırsan, amma sonra çox tez də unudulursan. Adi bir fakt deyim. İndiyədək on iki «Yeni ulduz» müsabiqəsi keçirilib. Bu yarışmanın qaliblərindən heç də hamısı insanların yaddaşında qalmayıb. Məsələn, Avropa miqyaslı «Avroviziya» müsabiqəsi də belədir: Bir günün içərisində bütün dünyada məşhurlaşırsan. Qısa bir zamanda da yaddaşlardan silinirsən. Dediyim odur ki, ucala bildiyin zirvədə qalmağı da bacarmalısan. Bunun iki yolu var: Ya çoxlu pulun olmalıdır, ya da istedadın.
- Nə vaxtsa məşhur bir insan olacağın ağlına gələrdimi?
- Uşaqlıqda televiziya vasitəsilə müxtəlif müğənnilərin çıxışlarını izləyirdim və səhnə mənə əlçatmaz görsənirdi. Bakıya gəlmək isə mənə Kaliforniya kimi bir yerə getmək qədər uzaq idi. Bakıya gələndə sanki hansısa qeyri-adi bir aləmə düşmüşdüm.
- Bəs valideynlərin necə, səni müğənni kimi görmək istəyirdilərmi? - Valideynlərim məni bu məsələdə çox az dəstəkləyiblər. Peşəkar musiqiçi kimi yetişməyim üçün məni hər hansı dərnəyə, musiqi məktəbinə yazdırmayıblar. Hətta indi də yazdığım elə mahnılar var ki, anam bəyənmir. O, mənə, toy mahnısı yaz, deyir. Mənə qəribə gəlir ki, hətta anam da toy mahnılarına üstünlük verir. Bu, acı bir həqiqətdir. Yazdığım mahnıları hər kəs başa düşmür. Çox az adam məni dinləyir, bəyənir, dəstəkləyir və öz tədbirlərinə çağırır. Bu, əsasən, rəsmi tədbirlər olur. Təvazökarlıqdan uzaq olsa da deyim ki, belə tədbirlərdə çıxış etmək müğənnilərimizin əksəriyyətinin ürəyindən keçir.
- Bu gündə tanınmış müğənnilər sırasındasan. Yəqin ki, öz üzərində çox çalışır, unudulmaq istəmirsən.
- Düzü, etiraf edim ki, indi «Yeni ulduz»dakı çıxışıma baxanda özümə gülməyim tutur. Yəni demək istəyirəm ki, o vaxt səs tonum fərqli idi, gitarada peşəkar şəkildə ifa edə bilmirdim, kamera ilə necə işləmək lazım olduğunu anlamırdım. Öz sənətimi inkişaf etmək üçün öz üzərimdə daim işləyirəm. Düzdür, albom çıxarmaq, klip çəkmək, geyim almaq üçün pul qazanmaq lazımdır. Bunun üçün toylara, tədbirlərə gedirəm. Bununla yanaşı, sənəti də inkişaf etdirməyi yaddan çıxarmaq olmaz. Təəssüf ki, bu gün Azərbaycanda bir çox müğənnilər sənətə yalnız qazanc mənbəyi kimi baxırlar. Əksəriyyəti az qala hər gün toya gedir. Belə olan halda, istər-istəməz sənət isə arxa planda qalır. Mən vokala da getməyə, qrupuma gitara dərsləri deməyə, mahnının sözlərini, musiqisini yazmağa, aranjeman etməyə vaxt tapıram. Bu, sənətimin inkişafı üçündür.
- Toylara dəvət alırsan?
- Alıram. Toyda qısa vaxt ərzində öz repertuarımdan olan mahnıları oxuyuram. «Palmos» adlı musiqi qrupum var. Bəzi tədbirlərdə həmin qrupla birgə çıxış edirik.
- Yeri gəlmişkən, pul sənin üçün nə deməkdir?
- Pul insanın ehtiyaclarını ödəmək üçün vasitədir. Mən çox varlı olmağı heç vaxt arzulamamışam. Düşünürəm ki, pulum çox olsa, mənim həyatım bundan qat-qat qəliz olar. Pul çox olanda insanın ətrafı da, dost-tanışı da çoxalır. Belə olan halda əsl dostunu tanımaq çətin olur. İnsanın pulu lap çox olanda artıq o pulu necə qoruyub saxlamaq barədə düşünürsən. Pul həddindən artıq olanda cangüdənlə gəzməyə məcbur olursan. Bugünkü gündə mən adi insan kimi normal həyat tərzi sürürəm və bu məni qane edir.
- İlk qazancını necə xatırlayırsan?
- Bu çoxdan olub, lap çoxdan. Uşaqlıq dostum Elvinlə su şüşələri satıb pul qazanırdıq.
- Müğənnilərimiz arasında kimlərə qulaq asırsan?
- Zülfiyyə Xanbabayeva, Zamiq, Röya, İlqar Muradov, Sevda Ələkbərzadə, Tünzalə Ağayevanın ifalarını bəyənirəm.
- Elə bir mahnı varmı ki, o səni ifadə edir? - Ancaq öz yazdığım mahnılar. «Demə» adlı yeni mahnım var. Bu mahnının dərin mənaya malik fəlsəfi sözləri var. Məncə, həmin mahnı mənim daxili aləmimdən bəhs edir.
- Səni musiqidən uzaqlaşmağa nə vadar edə bilər?
- Bu, mümkün deyil. Yeməksiz yaşamaq mümkün olmadığı kimi, mən də musiqisiz yaşaya bilmərəm.
- Subaylığın daşını atmağı düşünürsən?
- Hələ yox. Ailənin məsuliyyətini yaxşı dərk edirəm. Ailə həyatına tam hazır olmaq lazımdır. Məncə, hər şeyi yüz faiz hazır edib sonra evlənmək lazımdır.
- Gələcək həyat yoldaşının hansı xüsusiyyətlərə malik olmasını istəyərdin?
- Evlənəcəyim qız mülayimxasiyyətli, ünsiyyətcil olmalıdır. Çox istərdim ki, yumor qabiliyyətinə də malik olsun. Amma nadir hallarda mülayim insanlarda yumor hissi olur. Ailə quracağım qız sənətimi mütləq qəbul etməlidir. Mənimlə birgə, o da, bu sənəti sevməlidir.
- Çingiz, ümumiyyətlə qısqanc insansan?
- Çox qısqancam. Qısqanclıq çox pis hissdir. Mahnılarımdan birinin sözləri belədir: «şübhə ilə yaşama, şübhələr həyatını məhv edər». Qısqanclıq insanda şübhə hisslərini yaradır. Əgər insan öz sevdiyinə şübhə ilə yanaşırsa, deməli, o sevgi artıq bitib. Çünki, insan öz yaxınından şübhələnəndə problemlər yaranır və bu ayrılığa ya da dözülməz münasibətlərə gətirib çıxarır. Təkcə sevgidə deyil, dostluqda da, bu belədir.
- Bildiyimizə görə, bir müddətdir ki, kunq-fu ilə məşğul olursan. Bu maraq səndə necə oyandı?
- Qardaşım Seymur uzun illər kunq-fu üzrə məşqçi İlham Kərimovun tələbəsi olub. İlham müəllimin dediyinə görə Seymur yaxşı döyüşçüdür (gülür). Mən də uşaqlıqdan döyüş növlərinə həvəs göstərirdim. 15 yaşımda İlham müəllimlə tanış olmuşam. Rayondan şəhərə yeni gəlmişdim. Ailəmizi dolandırmaq üçün gecə klublarından birində işə düzəlmişdim. Bir gün təsadüfən İlham müəllimlə qarşılaşdıq və sonra tanışlığımız dostluğa çevrildi. Onu yaxından tanıdıqca başa düşdüm ki, İlham müəllim canlı əfsanədir. O, hamı kimi deyil, qeyri-adi istedada malik insandır. Belə insanlar isə həmişə məni özünə cəlb edib və onlardan nəsə öyrənməyə çalışmışam. Bəzən çox savadlı, istedadlı bir insanla rastlaşırsan. Amma onunla söhbət etməyə, ünsiyyət qurmağa maraq göstərmirsən.
- Kunq-fu idman növündə səni ən çox cəlb edən nə oldu?
- Bu növdə müxtəlif heyvanları tərənnüm edən hərəkətlər mövcuddur. Bu döyüş üslubları mənim diqqətimi özünə çəkdi. Sizi inandırım ki, bəzən heyvanlardan da nəsə öyrənmək olur. Şüursuz canlılar belə, öz balasını, əks cinsini qorumağa qadirdir.
- İdmanla məşğul olmağa başladıqdan sonra həyatında nələr dəyişib?
- Heç təsəvvür edə bilməzsiniz ki, həyatımda nə qədər dəyişikliklər baş verib. Hər şeydən əvvəl özüməinamım artıb. Hər bir insanda olduğu kimi, mənim də daxilimdə qorxu hissləri mövcud idi. İndi bu qorxu hissləri azalıb. Mən kunq-fuya döyüş növü kimi yanaşmıram. Bu növlə məşğul olmağımda məqsəd kiməsə zor tətbiq etmək, gücümü sınamaq deyil. İlham müəllimdən bu növün fəlsəfəsini öyrənirəm. Kunq-fu, ilk növbədə, ruhun sağlamlığına xidmət edir.
- Ölkəmizdə müxtəlif növlər üzrə keçirilən yarışları izləyirsən?
- Düzü, idman növlərinin qaydalarını bilmirəm. Bu baxımdan yarışları izləmək mənim üçün maraqsız görünür. Qeyd edim ki, keçən il FİFA tərəfindən ölkəmizdə futbol üzrə qadınlar arasında keçirilən dünya çempionatının «rəsmi dostu» seçilmişdim. Oyunlar çərçivəsində müxtəlif rayonlarda konsertlər də verdim.
- Səndə olan hansı xüsusiyyətin bütün insanlarda olmasını istəyərdin?
- Kaş ki, hamı mənim kimi başqalarının halına yana biləydi. Onda həyatda varlı-kasıb söhbəti olmazdı. Son qəpiyimə qədər ehtiyacı olan insanlara kömək etməyə hazıram. Məncə, insan öz varını paylaşanda Tanrı ona daha da çox yetirir. «Yeni ulduz» müsabiqəsində çıxış etdiyim vaxtlarda xalamgil səsvermə üçün mənə 500 manatlıq kontur pulu göndərmişdilər. Pulun böyük hissəsini kasıblara xərclədim. Həmin həftə müsabiqədə qalib oldum. Düşünürəm ki, kimə isə yaxşılıq edəndə bunu ürəkdən etmək lazımdır. Bəzi insanlar isə bunu uzun götür-qoydan sonra edirlər.
- Yolda gedərkən insanların sənə qarşı reaksiyası necə olur?
- Yaxşı da olur, pis də. Kunq-funu ona görə yaxşı öyrənmək istəyirəm ki, mənə qarşı pis niyyətdə olanlar qarşılıqlarını alsınlar (gülür).
- Ümumiyyətlə, kiməsə kunq-fu fəndləri tətbiq etmisən?
- Mən qəsdən kiməsə pislik edən insan deyiləm. Amma hərdən insan elə bir həddə çatır ki, səbr etmək mümkün olmur. Hələ ki, kunq-fu fəndlərindən istifadə etməmişəm. Düzü, küçədə dava etməyi özümə heç sığışdırmıram. Əvvəllər hərdən kiminləsə mübahisəm düşürdü və bu, davaya çevrilirdi. Hər dəfə belə hadisə baş verəndə anam mənə görə çox narahatçılıq keçirirdi. Buna görə də dava-daladan uzaq dururam.
- Tənqidə münasibətin necədir?
- Baxır məni kim tənqid edir. İnsan var səni tənqid edir və sən o tənqiddən nəticə çıxarırsan. Amma bəzən səviyyəcə aşağı insan başqalarını tənqid edir. Məncə, bu, düzgün deyil.
- Həyatından razısan?
- Hər günümə görə Tanrıya şükür edirəm. Qeyd etdiyim kimi, maddiyyat mənim üçün önəmli deyil. Məncə, Tanrı insanları bəzən yoxsulluqla sınağa çəkir. Pula görə günah işlətməyə, pis yola əl atmağa dəyməz.
- Səncə, həyatda günahların çoxdur?
- Biz hamımız gün ərzində çoxlu günah işlədirik. Məncə, günah işlətməmək üçün gərək evdən çölə çıxmayasan. Müasir dövrdə günahı qazanmaq o qədər adiləşib ki. Yalan danışmaq, pislik etmək üçün əlimizin altında hər cür vasitə var. Əsas odur ki, kimə isə bilə-bilə pislik etməyəsən, qəlbinə dəyməyəsən. Hesab edirəm ki, günahsız insan yoxdur.
- Sevgi sənin üçün nə deməkdir?
- Həyat sevginin üzərində qurulub. İnsan anaya, doğma vətənə, dosta, heyvanlara sevgi bəsləyir. Yəni sevgi müxtəlifdir və bunlardan ən qəlizi isə həmin sevgidir ki, biz vurulur və aşiq oluruq. O sevgi ki, bir çoxunun həyatını məhv edib, bəzisinin həyatını isə işıqlandırıb.
- Bəs sənin həyatını necə?
- Mən güclü insan olmağa çalışıram. Hisslərə qapanmıram.
- Çıxış yolu tapa bilmədiyin anların olubmu?
- Dəfələrlə belə vəziyyətlə üzləşmişəm. Günlərlə depresiyadan çıxa bilmədiyim vaxtlar olub. Orqanizmim zəifləyib, saçım tökülməyə başlayıb, sarsıntı keçirmişəm. Hərdən insan o qədər yüklənir ki, nə edəcəyini belə bilmir. Belə vəziyyətlərdə heç inanmazsınız ki, karyera mənim üçün ən axırıncı yerdə olur. Hərdən düşünürəm ki, Tanrı mənə lazımi qədər istedad verib. Mən yazmaq, yaratmaq, daha çox işləri həyata keçirmək istəyirəm. Amma nədənsə, hər dəfə bir mane ilə üzləşirəm, başım başqa problemlərə qarışır. Belə vaxtlarda üzümü Tanrıya tutub deyirəm: «Ay Allah, sən mənə bu qədər istedad vermisən, bəs nə üçün istədiklərimi həyata keçirə bilmirəm?»
- Həmin çətin anlarda nə ilə təsəlli tapırsan?
- Düzü, çıxış yolu tapmaqda çətinlik çəkirəm. «Yıxılanda» çox çətin ayağa qalxıram. Sadəcə, hər şeyi zamanın öhdəsinə buraxıram.
- Boş vaxtlarını necə keçirirsən?
- Vaxtımdan səmərəli istifadə etməyə çalışıram. Vaxtım hədər gedəndə mənə elə gəlir ki, çox pis və məsuliyyətsiz insanam.
- Elə olubmu ki, hər şeydən uzaqlaşıb tək qalmaq istəyəsən?
- Hazırda mən bir çox insanlardan uzaqlaşaraq təkliyə qapanmışam. Ümumiyyətlə, təkliyi çox sevirəm: Bu zaman daxili aləmimlə baş-başa qalmaq imkanım olur. Hərdən evdə deyirəm ki, mən tək yaşamaq istəyirəm. Amma hiss edirəm ki, bu sözlərdən anam inciyir. O, mənimlə nəfəs alır.
- İmicində dəyişiklik etmək istəyərdinmi?
- Mənə qalsa, saçımı lap qısa kəsdirərəm. Amma pərəstişkarlarım məni belə görməyə öyrəşiblər. Bir dəfə imicimdə dəyişiklik etməyə cəhd göstərmişəm. Etiraf edim ki, bu, məni sevənlər tərəfindən bəyənilməyib.
Aysel