Çin Xalq Respublikasının (ÇXR) Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 204 ölkədən 3700-dən çox idmançı 28 növdə medallar uğrunda mübarizə aparıb. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində ÇXR Prezidenti Si Cinpin, BMT-nin baş katibi Pan Gi Mun, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, bir neçə ölkənin dövlət başçısı, rəsmi nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Açılış mərasimi Çin və BOK bayraqlarının qaldırılması, iştirakçı ölkələrin təqdimatı ilə davam edib. Qədim İpək Yolunu simvolizə edən möhtəşəm şou açılış mərasiminin maraqlı hissəsi olub. Sonra Olimpiya məşəli alovlandırılıb.
Azərbaycan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında idmanın 9 növündə 21 idmançı ilə təmsil olunub. Olimpiya yığmamızın tərkibində Teymur Məmmədov (sərbəst güləş, 63 kq), İqbal Hacızadə (sərbəst güləş, 100 kq), Leyla Qurbanova (qadın güləşi, 52 kq), Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq), İslambek Dadov (yunan-Roma güləşi, 69 kq), Səid Quliyev (73 kq), Gülhanım Yeşildağ (55 kq), Ceren Özbek (44 kq), Safiyə Polat (49 kq, hamısı taekvondo), Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı), Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq, hər üçü boks), Elvira Həsənova (üzgüçülük, sərbəst üsulla), Nazim Babayev (atletika, üçtəkanla tullanma), Behafeta Abreha (qaçış, 3000 metr), Yelena Qladkova (atletika, şüvüllə tullanma), Boris Yotov (akademik avarçəkmə), Natiq Qurbanlı (55 kq) və Leyla Əliyeva (44 kq, hər ikisi cüdo) yer alıblar. Ürfan Axundov (atıcı, pnevmatik tapança, 10 metr) və Suğraxanım Müqabilzadə (kamandan oxatma) Olimpiya oyunlarında güzəştli kartla (vayld-kart) iştirak ediblər. Nankində idmanın uşu növündə 3 idmançımız İlkin Əliyev (52 kq), Bayram Məmmədov (60 kq) və Yerkin Osmanov (70 kq) ölkəmizi təmsil edib. Uşu yarışları Çinin milli idman növü kimi, müsabiqədənkənar xarakter daşıyıb. Nankində doqquz idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvondo, boks, sərbəst güləş, yunan-Roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıb. Bununla da 12 medalla komandamız 204 iştirakçı ölkə və medal qazanmış 86 ölkə arasında 10-cu yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci pillədə qərarlaşıb. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında idmançılarımızdan Səid Quliyev (73 kq) taekvondo, İslambek Dadov (69 kq) yunan-Roma, Rüfət Hüseynov (49 kq) boks, Teymur Məmmədov (63 kq) sərbəst güləş, İqbal Hacızadə (100 kq) sərbəst güləş üzrə qızıl medala sahib olublar. II Yay Olimpiya Oyunlarında Leyla Əliyeva (44 kq) cüdo, Natiq Qurbanlı (55 kq) cüdo, Ceren Ozbek (44 kq) taekvondo, Baris Yotov avarçəkmə (1 nəfərlik qayıq), Cabbar Nəcəfov (50 kq) yunan-Roma güləşi, Leyla Qurbanova (52 kq) qadın güləşi üzrə gümüş medal, Nazim Babayev isə atletika (3 təkanla tullanma) üzrə bürünc medal qazanıblar.
Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığma komandasının Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi olub. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri və musiqi sədaları ilə qarşılayıblar. Xatırladaq ki, Yeniyetmələrin I Yay Olimpiya Oyunları 2010-cu ildə Sinqapurda keçirilmişdi. Sinqapur Olimpiadasında ölkəmiz 12 idmançı ilə 6 növdə təmsil olunmuşdu. Yeniyetmə atletlərimiz 5 qızıl, 3 gümüş medal əldə etmişdilər. Azərbaycan dünya ölkələri arasında 11-ci, Avropa ölkələri arasında isə 6-cı yer tutmuşdu.