Kazbek Tuayev: “Messi kimi bir futbolçunun iştirak etdiyi komanda çempionluğa layiq idi”

Kazbek Tuayev: “Messi kimi bir futbolçunun iştirak etdiyi komanda çempionluğa layiq idi”

“Budəfəki mundial həqiqətən də hər kəsin böyük marağına səbəb oldu. Argentinanın finala vəsiqə qazanması və çempion olması sanki bir nağıl idi. Heç kim onların bu səviyyədə çıxış edəcəyinə inanmırdı”.

Bu sözləri “Olimpiya dünyası” qəzetinə Futbol üzrə İxtisaslaşdırılmış Uşaq Gənclər Olimpiya Ehtiyatı Məktəbinin direktoru Kazbek Tuayev bildirib.

Futbol veteranı mundialda azarkeşlik etdiyi komandanın da adını açıqladı.

“Messi kimi bir futbolçunun iştirak etdiyi komanda çempionluğa layiq idi. Bu günə qədər dünya futbolunun Pele, Maradona və digər unudulmaz əfsanələri olub. Onların hər birinə hörmətlə yanaşıram. Müasir dövrdə isə yeni futbol ulduzları öz oyunları ilə azarkeşlərin ürəyini fəth edirlər. Həmin futbolçular arasında Messi, Ronaldo, Neymar, Mbappe və digərlərini xüsusilə qeyd edə bilərəm. Amma fikrimcə, Messi onlardan öz oyunu ilə fərqlənir. O, nəhayət, karyerasında daha bir zirvəni fəth etməyi bacardı. Artıq onun titullarına dünya çempionu da əlavə olundu. Çempionatda Argentina millisinə azarkeşlik edirdim. Əksər azarkeşlər hesab edirdilər ki, dünya çempionatının finalında Braziliya və Argentina milliləri qarşılaşacaq. Amma bu möhtəşəm qarşılaşma baş tutmadı. Bununla belə azarkeşlər yenə də Argentina və Fransanın timsalında maraqlı oyuna şahidlik etdilər. Bu günə qədər çox çempionatlar izləmişəm. Lakin belə çempionat və final oyunu izləməmişdim. Hər şey möhtəşəm idi.

Əgər mundialdan danışırıqsa, təşkilatçı ölkənin hazırlıq səviyyəsinə də toxunmaq istəyərdim. Hələ çempionatdan əvvəl bu mötəbər yarışın Qətərə həvalə edilməsini bir sıra dövlətlər qəbul etmək istəmirdi. Hətta buna etiraz edirdilər. Lakin Qətər hökuməti təşkilatçılığı və qayda-qanunu sona qədər nəzarətdə saxlaya bildi. Tarixdə ilk dəfə ərəb ölkəsində keçirilən mundial bir daha digərlərindən üstün olduğunu sübut etdi”, - deyə Kazbek Tuayev bildirib.


Azər Əlizadə