Ağasəlim Mircavadov: “Əgər çempion olmaq istəyirsənsə, hər şeyi vaxtında və dəqiq yerinə yetirməlisən”

Ağasəlim Mircavadov: “Əgər çempion olmaq istəyirsənsə, hər şeyi vaxtında və dəqiq yerinə yetirməlisən”

“Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalı həqiqətən də öz gərginliyi ilə seçildi. Bu günə qədər bir çox finallar izləmişəm, amma bu final qədər maraqlısını bəlkə də izləməmişdim”.

Bu sözləri “Olimpiya dünyası” qəzetinə açıqlamasında futbol veteranı Ağasəlim Mircavadov bildirib.

Mundialda Argentinaya azarkeşlik etdiyini deyən futbol veteranı final oyununda cənubi amerikalıların qələbə qazanacağına da inandığını bildirib.

“Oyunda futbol adına hər bir şey vardı. Vurulan 6 qol, qapılara təyin olunan penalti zərbələri və qalibin adının onbirmetrlik cərimə zərbələrindən sonra müəyyənləşməsi finala daha da maraq qatdı. Bu isə hər iki komandanın hazırlıq səviyyəsindən və liderlərin finalda önə keçərək özlərini yaxşı tərəfdən göstərməsinin nəticəsi idi. Həm Messi, həm də Mbappe öz liderlik keyfiyyətlərini bir daha sübuta yetirdilər. Mən əslində, Argentinaya azarkeşlik edirdim. Cənubi amerikalılar 70 dəqiqə ərzində oyuna nəzarət edən tərəf oldular. Lakin Fransa millisinin də əziyyətini və baxımlı oyununu qeyd etmək olar. Hiss olunurdu ki, Argentina millisi bu oyuna daha yaxşı hazırlaşmışdı və komanda daha istəkli görünürdü. Komandanın oyunçuları isə bir nəfər kimi, Messiyə görə meydanda döyüşdülər. Messi dünya çempionu adını qazanmaqla mümkün titulların hər birinə sahib çıxdı. Fikrimcə, əgər çempion olmaq istəyirsənsə, hər şeyi vaxtında və dəqiq yerinə yetirməlisən. Fransa isə son dəqiqələrdə yaratdığı qol vəziyyətini əldən verməklə çempionluğu itirdi.

Əslində finalda Argentina və Braziliya komandalarının üz-üzə gəlməsini istəyərdim. Amma reqlamentə görə onlar daha erkən, yarımfinalda üz-üzə gələ bilərdilər. Lakin 1/4 finalda Xorvatiya Braziliyaya qalib gəlməklə bu oyundan bizi məhrum etdi. Bununla belə finalda həqiqətən də futbol naminə çox maraqlı oyuna şahidlik etdik. Həqiqətən də oyundan zövq aldım”.

 

Azər Əlizadə