Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin üçüncülük uğrunda və final oyunu keçirilib. Əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Yarışın əsasnaməsinə uyğun olaraq qrupu birinci və ikinci yerdə başa vuran komandalar – “Polad” və “Sərhədçi Qarabağ” final oyununda üz-üzə gəlib. “Polad” komandası 2:1 hesablı qələbə qazanaraq kubokun sahibi olub. Turnirin bürünc medalını qazanan komanda da məlum olub. “Buta Qolden” və “Sərhədçi Dilboz” komandaları arasında keçirilən oyun “Sərhədçi Dilboz” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sonda ilk üç yeri tutan komandalar xüsusi pul mükafatları, diplomlar, medallar, yarışın qalib komandası isə eyni zamanda kubokla təltif olunub.
Qeyd edək ki, ümumilikdə beş komandanın iştirak etdiyi yarışlarda 12 oyun keçirilib. Qrup oyunlarının nəticələrinə əsasən “Polad” komandası 10 xalla birinci, “Sərhədçi Qarabağ” 8 xalla ikinci, “Sərhədçi Dilboz” 5 üçüncü, “Buta Qolden” 4 xalla dördüncü və heç bir xalı olmayan “Köhlən” komandası isə beşinci yerdə qərarlaşıb.