Həndbol üzrə Azərbaycan çempionatında yaranan qısa fasiləyə yekun vurulub. “AHF Arena”da keçirilən yarışın növbəti oyun günündə meydançaya qadın həndbolçular çıxıblar. Beşinci turun oyunları favoritlərin inamlı qələbəsi ilə nəticələnib. Turun ilk matçında “Qarabağ” U-16 komandasına göz açmağa imkan verməyib - 49:5. “İdman Akademiyası” – “Azərsu” görüşündə isə nominal ev sahibi 42:12 hesabı ilə qalib gəlib.
Altıncı turun oyunlarında da ssenari dəyişməyib. U-16 bu qarşılaşmada rəqibə nisbətən ciddi müqavimət göstərsə də, “Qarabağ” matçı 55:22 hesablı qələbə ilə başa vurub. “İdman Akademiyası” isə “Azərsu”nu bu tur 47:14 hesabı ilə məğlub edib.
Hərəyə 12 xalı olan “Azəryol”la “İdman Akademiyası” çempionatın şərikli liderləridir. “Qarabağ”la “Azərsu”nun aktivində 6 xalı var. U-16 hələ də xal qazana bilməyib.