Azərbaycan Qol Güləşi Federasiyası 2022-ci ilə iki tədbirlə yekun vurub. Federasiya həm ilin yekunları ilə bağlı hesabat verib, həm də ilin son yarışı olan Azərbaycan kubokunu təşkil edib. Bakı Gənclər Mərkəzində təşkil edilən qol güləşi üzrə Azərbaycan kuboku yarışında ölkənin 30-a yaxın regionundan 250-dək idmançı iştirak edib. İlk dəfə olaraq respublika miqyaslı yarışlara qazilər və fiziki məhdudiyyətli idmançılar da qatılıblar. Ən müasir yarış proqramının uğurla tətbiq olunması üçün federasiya rəhbərliyi tərəfindən türkiyəli mütəxəssis Hayretdin Tuncar da Bakıya dəvət edilib.
Turnirin açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini anıblar. Daha sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov ulu öndərin Azərbaycanda hakimiyyətə qayıdışından və xilaskarlıq missiyasından danışıb. Federasiya rəhbəri bildirib ki, müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin bizlər üçün qoyduğu ən böyük mirasdır. Daha sonra Cəsarət Əhmədov 2022-ci ildə federasiyanın gördüyü işlər və əldə olunan nəticələrlə bağlı hesabat xarakterli məruzə ilə çıxış edərək bildirib ki, bu il Azərbaycan qol güləşçiləri uğurla çıxış ediblər. Onlar il ərzində keçirilən Avropa və dünya çempionatlarında 11 qızıl, 7 gümüş və 5 bürünc olmaqla ümumilikdə 23 medal əldə ediblər. Yığma komandamız ilk dəfə olaraq gənclər arasında Avropa çempionu adını qazanıb.
Sonra məşqçilər və federasiyanın rayon nümayəndələri öz hesabatlarını veriblər. İlin yekunları ilə əlaqədar səmərəli fəaliyyət göstərən məşqçilər, nümayəndələr və idmançılar federasiya rəhbərliyi tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif olunub. Mükafatlandırılanlar arasında fiziki məhdudiyyətli idmançı, dəfələrlə Avropa və dünya çempionu Vilayət Namazzadə də yer alıb.
Azərbaycan kubokunun nəticələrinə görə Qazax qol güləşçiləri birinci yerə layiq görülüblər. Paytaxtın qol güləşi idman klubunun təmsilçiləri ikinci, Sumqayıt idmançıları isə üçüncü yeri tutublar.
Sonda federasiyanın məşqçi və idmançıları qurumun prezidenti Cəsarət Əhmədova fəxri fərman və xüsusi xatirə kuboku hədiyə ediblər.
Azərbaycan Qol Güləşi Federasiyası 2022-ci ilə uğurla yekun vurdu