Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışında iştirak edir. Hazırlıq prosesi yanvarın 11-dək davam edəcək.
Milli komandaların üzvləri gündə iki dəfə Azərbaycan Texniki Universitetinin idman sarayının qılıncoynatma zalında məşq edirlər.
Təlim-məşq toplanışı yanvarın 13-15-də Tunisdə keçiriləcək Qran-Pri turnirinə hazırlıq xarakteri daşıyır.
Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-Pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.