İspaniya Kral Kubokunda bütün yarımfinalçılar müəyyənləşdi

İspaniya Kral Kubokunda bütün yarımfinalçılar müəyyənləşdi

İspaniya Kral Kubokunda son yarımfinalçının adına aydınlıq gəlib. Bu, madrid derbisində “Atletiko”nu əlavə vaxtda 3:1 hesabı ilə məğlub edən “Real” klubudur. “Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda hesabı “Atletiko” komandası açıb. Matçın 19-cu dəqiqəsində Alvaro Morata fərqlənib. İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra “Kral klubu” hesabdakı tarazlığı bərpa edib. Rodriqo fərqlənərək “Real”ın bərabərlik qolunun müəllifi olub. Oyunun əsas vaxtı bu hesabla başa çatdığından qalibin adına hər biri 15 dəqiqə olmaqla oynanılan əlavə dəqiqələrdə aydınlıq gəlib. Matçın 99-cu dəqiqəsində “Atletiko”nun müdafiəçisi Stefan Saviç ikinci sarı vərəqə alaraq meydandan qovulub. Say üstünlüyündən yararlanan “Real” klubu əlavə dəqiqələrdə Kərim Benzema (104) və Vinisius Juniorun (120+1) qolları ilə yarımfinal mərhələsinə vəsiqə qazanıb. Beləliklə, “Real Madrid” İspaniya Kubokunun son yarımfinalçısı olub. Daha əvvəl 1/4 final mərhələsində “Barselona” dogma meydanda “Real Sosyedad”ı (1:0), “Atletik” səfərdə “Valensiya”nı (3:1), “Osasuna” isə evdə “Sevilya”nı (2:1, əlavə vaxt) məğlub edib.

Bu gün yarımfinal mərhələsinin püşkü atılacaq, yarışın bu mərhələsi iki qarşılaşmadan ibarət olacaq.