Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb.
Tədbirdə Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin qurbanları yad edilib və Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan yardım kampaniyasında aktiv iştiraka görə nazir Bakı Şəhər Halqasına və idman federasiyalarına təşəkkür edib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin əmri ilə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim olunub. Sonra “Təkan” layihəsi, “Bakı Şəhər Halqası”, nazirliyin nəzdində fəaliyyət göstərən təlim-məşq bazaları ilə bağlı təqdimatlar olub, federasiya nümayəndələrinin fikir və təklifləri dinlənilib. Həmçinin 2020-2024-cü illər üçün Beynəlxalq Olimpiya Komitəsinin strategiyası və 2023-cü il üçün ölkə və beynəlxalq yarışların təqvim planı, idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları təqdim edilib.
Görüşdə Paris-2024 Yay Olimpiya Oyunlarına idman növləri üzrə hazırlıq məsələləri, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament, III Avropa Oyunlarına idman növləri üzrə hazırlıq məsələləri, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü, həmçinin “İdman həftəsi” barədə məlumat verilib. Eyni zamanda, 2023-cü il üçün tibbi təminat, 2023-2024-cü illər üçün Vahid İdman Təsnifatı, idmançı və məşqçilərin lisenziyalaşdırılması, Azərbaycan Gimnastika Federasiyasının məşqçilərinin peşəkar hazırlığı üzrə tədris proqramı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün federasiyalarda istehsalat təcrübəsi keçmək imkanlarının yaradılması və digər məsələlər müzakirə edilib. Həmçinin Olimpiya İdman Kompleksləri, uşaq-gənclər idman məktəbləri, federasiyalar, idman qurğularında fəaliyyət göstərən məşqçi-müəllimlər üçün seminarların təşkili, idman növləri üzrə milli komandaların məşqçilərinin təsdiqi haqqında fikirlər dinlənilib və müzakirələr aparılıb.