MOK rəsmiləri Kanada və Qırğız Respublikasını təmsil edən OCEP məktəblərinin tədbirində iştirak edib. T. Həsənov adına 23 saylı məktəbin OCEP məktəbliləri zəngin tarixə, mədəniyyətə, idman ənənələrinə və heyrətamiz təbiətə malik Kanada haqqında maraqlı səhnəciklərlə qonaqları qaşıladılar. Milli Olimpiya Komitəsinin (MOK) vitse prezidenti Çingiz Hüseynzadə, ETN-nin Məktəbdənkənar fəaliyyət şöbəsinin müdiri Elnur Əliyev, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, məktəb direktorları və başqa qonaqların qatıldığı tədbir şən əhval ruhiyyədə keçdi. «Kanadanın tarixi və ənənələri» adlı tədbiri iştirakçılarını salamlayan məktəbin direktoru Nigar Hənifəyeva hamını şagirdlərin böyük mənuniyyətlə hazırladıqları təqdimatlara baxmağa dəvət etdi. “Qədim Kanada”, “Kanadanın ənənələri” “Kanadanın Mətbəxi” “Kanadada İdman”, “Kanadakı şəhərlər” və “Müasir Kanada” təqdimatları rəqslər və musiqi ifaları ilə müşayət olundu. Qardaş Qırğız Respublikasını təmsil edən 205 saylı tam orta məktəbin şagirdləri isə bu il OCEP layihəsinə qoşulub. Məktəbin direktoru Xoşqədəm Bağırova bildirib ki, Qırğız Respublikasını tanıtmaq üçün bir sıra tədbirlər həyata keçirilib. Şagirdlərin qardaş ölkə ilə yaxından tanışlığı üçün dərslər təşkil edilib. Bu yaxınlarda isə OCEP məktəbliləri qardaşlaşdıqları Qırğız Respublikasının Heydər Əliyev adına 20 nömrəli tam orta məktəbinin VII sinif şagirdləri ilə onlayn görüş keçiriblər. Qırğız Respublikasının tarixini, mədəniyyətini, atributlarını özündə əks etdirən tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş Katibi Azər Əliyev, Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iştirak ediblər. Maraqlı tədbir qonaqların qədim Qırğızıstan və Azərbaycan yurdlarına səyahət ilə başa çatıb.
MOK rəsmiləri OCEP məktəblərinin tədbirində iştirak ediblər