Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından olimpnews.az saytına verilən məlumata görə, milli komandamızın 5 üzvü 1/4 finala çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev 1/8 finalda İrlandiya nümayəndəsi Sian Makkomb üzərində qələbə qazanıb - 2:1 ( 28:29, 29:28, 30:27). Həmyerlimiz növbəti mərhələdə 2009-cu ilin dünya çempionu, italiyalı təcrübəli boksçu Domeniko Valentino üz-üzə gələcək.
Dünya çempionu Məhəmmədrəsul Məcidov da bu yarışa qələbə ilə başlayıb. Boksçumuz ABŞ təmsilçisi Lenroy Thompsonu yarışdan kənarlaşdırıb - 3:0 (29:28,30:26, 30:27). Məcidov 1/4 finalda London-2012 Olimpiadasında məğlub etdiyi Maqomed Omarovla (Rusiya) qarşılaşacaq.
Elvin Məmişzadə də (52 kq) 1/4 finala vəsiqə qazananlar arasındadır. Həmyerlimiz Türkmənistan təmsilçisi Zarip Jumayevlə görüşdə elə bir çətinlik çəkməyib. Məmişzadə yarımfinala vəsiqə qazanmaq üçün tailandlı Çhatçai Butdeeni məğlub etməlidir.
Pərviz Bağırov isə (69 kq) 18 finalda mübarizəni dayandırıb. Millimizin üzvü italiyalı Vinçenzo Maniqapreyə uduzub.
Qeyd edək ki, buna qədər Cavid Çələbiyev (56 kq) və Teymur Məmmədov da (91 kq) 1/4 finala yüksəlmişdilər.
Azərbaycan Boks Federasiyasının
mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli