Aprelin 14-dən 16-dək Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Turnirdə Azərbaycan idmançıları da iştirak edəcəklər.
Fərdi proqramda Kamilla Seyidzadə və İlona Zeynalova birincilik uğrunda mübarizə aparacaqlar. Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyevadan ibarət qrup hərəkətləri komandamızın ikinci heyəti də gücünü sınayacaq.
Qeyd edək ki, növbəti dünya kuboku yarışlarına aprelin 21-23-də Bakı ev sahibliyi edəcək. Turnirdə 46 ölkədən idmançılar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaq. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar. Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq. Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.