Sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionu olub. H.Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkeli məğlub edib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb.
Hacı Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gələrək dördqat Avropa çempionu tituluna yiyələnib. Güləşçimiz, həmçinin üçqat dünya çempionudur.
Qeyd edək ki, daha əvvəl digər güləşçimiz Əliabbas Rzazadə (57 kq) Avropa çempionatında qızıl medal qazanıb.