Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin direktoru Həsənağa Rzayev İndoneziyadakı Bali adasında keçiriləcək Dünya Çimərlik Oyunlarının missiya rəhbərlərinin 2-ci seminarına qatılıb.
Hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları, həmçinin, açılış və bağlanış mərasimləri, logistika, tibb, nəqliyyat, gəliş-gediş, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akkreditasiya, atletlərin qeydiyyatı, yerləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətiriblər.
Missiya rəhbərlərinin yarış öncəsi planlaşdırmaları və əməliyyatların bütün aspektləri, eləcə də, Bali-2023 barədə ən son məlumatlarla tanış olaraq, öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələri seminarın əsas məqsədi olub.
Dünya Çimərlik Oyunları - Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) tərəfindən yaradılan və ilk dəfə 2019-cu ildə Qətərin ev sahibliyi etdiyi qlobal çox idmanlı tədbirdir. Doha-2019-da Azərbaycanı 7 idmançı təmsil edib. Azərbaycan komandası çimərlik oyunlarında 5 medal (4 gümüş, 1 bürünc) qazanıb.
Qeyd edək ki, Dünya Çimərlik Oyunları avqustun 5-12-də keçiriləcək.