Mayın 4-də Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib.
Olimnews.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Şuşa rayonu istisna olmaqla Azərbaycan Respublikasının Prezidentinin nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Olimpiya çempionları, müxtəlif federasiyaların və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimində çıxış edən AKAF-ın prezidenti Vüqar Əhmədov qonaqları salamlayaraq ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. O, tarixi torpaqlarda avarçəkmə üzrə beynəlxalq turnirin üçüncü dəfə təşkil olunduğunu bildirib. "Bu gün 20 ölkənin iştirakı ilə tarixi torpaqlarımızda üçüncü dəfə avarçəkmə üzrə beynəlxalq turnir təşkil olunur. Turnirin ilk günü Suqovuşanda, sonrakı iki günü isə Mingəçevirdə keçiriləcək. Heydər Əliyev ilində təşkil olunan bu yarışın mükafatlandırma mərasimi isə Bakıda baş tutacaq. Turnirdə iştirak edən bütün iştirakçılara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin", - deyə Vüqar Əhmədov bildirib.
Daha sonra çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Şuşa rayonu istisna olmaqla Azərbaycan Respublikasının Prezidentinin nümayəndəsinin müavini Bəşir Hacıyev cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun sayəsində 44 günlük haqq savaşında tarixi torpaqlarımızın azad olunmasından və bu gün Qarabağımızın möhtəşəm guşəsi olan Suqovuşanda beynəlxalq turnirin təşkil olunmasının xüsusi əhəmiyyətindən danışdı.
"Qarabağımızda strat verilən bu turnirin ümumimilli lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi önəm daşıyır. Biz bu gün darmadağın edilmiş Qarabağımızın maddi-mənəvi irsini yenidən barpa edirik. Qarabağa yenidən həyat qayıdır. Məcburi köçkünlərin doğma evlərinə qayıdışları həyata keçirilir. İşğaldan azad edilmiş torpaqlarımız artıq bir sıra beynəlxalq və ölkədaxili önəmli tədbirlərə ev sahibliyi edir. Həm mədəni layihələr, həm elmi konfrasları, həm də beynəlxalq yarışları buna misal göstərmək olar. Azərbaycan Kanoe və Avarcəkmə Federasiyasının rəhbərliyinə belə bir yarışı təşkil etdiyi üçün minnətdarlığımızı bildiririk. İşğaldan azad olunmuş torpaqlarımızda iştirak eden bu turnirin iştirakçılarına uğurlar, karyeralarında zirvələrə ucalmağı arzu edirik.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ümummilli lider Heydər Əliyevin 100 illiyi ərəfəsində təşkil olunan turnirin əhəmiyyətindən və iştirakçı ölkələrin sayının artmasından danışdı. "Tədbirdə iştirak etmək üçün gələn bütün qonaqları Gənclər və İdman Nazirliyi adından Qarabağda salamlayıram. Artıq üçüncü dəfədir ki, tarixi torpaqlarımızda avarçəkmə yarışlarını təşkil etmək üçün Suqovuşana toplaşmışıq. Hər yarışda iştirakçı ölkələrin sayı artır. Bu gün bu tedbirdə 20 ölkənin idmançıları iştirak edir. Bu, Azerbaycan Kanoe və Avarçəkmə Federasiyasının qısa zaman ərzində gördüyü yüksək səviyyəli işlərdən xəbər verir. Bunun üçün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədova minnətdarlığımı bildirirəm".
F.Qayıbov bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev ili elan olundugunu diqqətə çatdırıb. O, bununla bağlı ölkəmizdə müxtəlif idman tədbirlərinin təşkil olundugunu qeyd edib.
Fərid Qayıbov çıxışının sonunda "Prezident Kuboku-2023" beynəlxalq reqatasını açıq elan edib.
Rəsmi hissə başa çatdıqdan sonra iştirakçı ölkələrin nümunəvi çıxışları olub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Suqovuşan və Mingəçevirdə keçirilən reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edir.
Turnirin birinci günündə yarışlar tarixi torpağımız Qarabağın ən gözəl yerlərindən olan Suqovuşanda keçiriləcək. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunacaq.
Yarışların növbəti iki günü mayın 5-6-da Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Reqatanın bağlanış mərasimi isə mayın 7-də Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək. Turnirin qalibləri diplom, medal və kubokla mükafatlandırılacaqlar.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.