Mayın 5-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə keçirilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının ikinci yarış gününə start verilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən yarışın ikinci günündə avarçəkənlər oğlanlar və qızlar arasında kayak və kanoe qayığı ilə 500, 1500 və 2000 metr məsafəyə yarışlarda mübarizə aparacaqlar.
Qeyd edək ki, 20 ölkədən 100-dək idmançının iştirak etdiyi yarışın ilk günündəSuqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunub. Komandamız birinci yarış gününü 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla 5 medalla başa vurublar. Komandamıza qızıl medalı 2005-2006-cı illər təvəllüdlü oğlanlar arasında birnəfərlik kayakda 200 metr məsafəyə yarışlarda Elmir Məmmədov qazandırıb. 2009-2010-cu illər təvəllüdlü oğlanların mübarizəsində Nihad Rəhimov gümüş medala layiq görülüb.
Bürünc medallara isə 2005-2006-cı illər təvəllüdlü qızlar arasında birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə mübarizədə Darina Həsənova, eyni yaş qrupuna aid oğlanlar arasında Maarif Həsənov və 2005-2008-ci illər təvəllüdlü qızların birnəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yarışında Gülnarə Həmzəyeva sahib çıxıb.
Turnirin mükafatlandırma mərasimi mayın 7-də Bakıda təşkil olunacaq.