Azərbaycan Superkubokunda "Xəzər Lənkəran”la qarşılaşan "Neftçi” 1:2 hesabı ilə məğlub oldu. Oyundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırdı.
- Nəhayət, uzun fasilədən sonra Azərbaycan Superkuboku keçirildi. Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
- Superkubok 18 il idi keçirilmirdi. Oyunun vaxtını bir neçə gün qalmış bildirdik. Ancaq bu istiqamətdə işlər əvvəldən gedirdi. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə danışıqlar aparılırdı. Onlar razılıq vermişdilər. Həqiqətən də, bu gün (müsahibə oktyabrın 23-də olub - R.S.) futbol bayramı oldu. Qarşılaşmanın Naxçıvanda keçirilməsinə gəldikdə, "Neftçi” Bakını, "Xəzər Lənkəran” isə Lənkəranı təmsil edir. Fikirləşdik ki, oyun tərəfsiz meydanda keçirilsin. Klub rəhbərləri də fikrimizi dəstəklədilər.
- Deyəsən, gərginliklə bağlı bu dəfə daha az əziyyət çəkdiniz?
- Biz dava-dalaş tərəfdarı deyilik. Həm də meydanda baş verənlərin bizə aidiyyəti yoxdur. Bu cür hallar dünyanın hər yerində baş verir. Matçdan sonra hər iki komandanın üzvləri bir-birləri ilə mehriban görüşdülər. Üstəlik, hər iki klubun iştirakı ilə birgə şam yeməyi yeyildi.
- Hakimliklə bağlı nə deyə bilərsiniz? Baş hakim Rəhim Həsənov əvvəl penalti verdi, sonra isə qərarını dəyişdi...
- Bu, hakimin qərarıdır. Yəni o, verdiyi qərarı dəyişə də bilər. Çünki hələ verilən qərar icra olunmamışdı.
- Sizcə, həmin vəziyyətdə 11 metrlik cərimə zərbəsi idi?
- Mən hakim olmamışam.
- "Xəzər Lənkəran” həmin vəziyyətlə bağlı etirazını kəskin şəkildə bildirdi...
- Açığı, penalti təyin edilən zaman təəccübləndim.
- Sizə elə gəlmir ki, "Xəzər Lənkəran”ın qələbə qazanması AFFA və PFL-i tənqidlərdən uzaqlaşdırdı?
- Bu cür söz-söhbətlərə inanmıram. Oyundan əvvəl "Xəzər Lənkəran” rəhbərliyi ilə də görüşdük. Onlarla eyni hoteldə qalmışıq, mehriban söhbət etmişik. Təklif etdilər ki, oyundan sonra hər iki komanda birgə şam yeməyi yesin. Nəticədən asılı olmayaraq, qərara gəldik ki, matçdan sonra mütləq bir yerdə şam yeməyi yeyəcəyik.
- Oyunun gedişi zamanı klub rəhbərliyinin reaksiyası bundan xəbər vermirdi...
- Klub rəhbəri hirslənə bilər. Oyun zamanı bu cür hallar mümkündür. Hər iki klubun rəhbərləri peşəkar insanlardır. 90 dəqiqə rəqib, oyundan sonra isə dost olurlar.
- Naxçıvandakı oyun iki komanda arasındakı intriqanı soyuda bildi?
- İntriqa yenə olacaq. Vaxtilə klub rəhbəri olmuşam, həmin anları yaşamışam. Tərəfdarı olmasam da, heç kim hay-küylü hərəkətlərdən sığortalanmayıb.
Rahib Səmədov,
Bakı-Naxçıvan-Bakı