Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasına yekun vurulub. Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan sonuncu yarış günündə avarçəkənlərimiz daha 5 medal qazanıblar. Medallardan 1-i qızıl, 1-i gümüş, 3-ü isə bürünc olub. 2009-2010-cu illər təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü iki nəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Sahib Əyyubzadə - Nuran Rəhimli dueti isə yarışları üçüncü yerdə başa vurub.
2005-2006-cı illər təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev - Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev - Amil Süleymanov dueti üçüncü olub.
Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə isə Tunar Cəfərli bürünc medala sahib çıxıb.
Beləliklə, avarçəkənlərimiz üç gün davam edən "Prezident Kuboku-2023" beynəlxalq reqatasını 14 (2 qızıl, 3 gümüş, 9 bürünc) medalla başa vurublar.
Turnirin qalibləri mayın 7-də Bakı bulvarında təşkil olunacaq mükafatlandırma mərasimində medallarla təltif olunacaqlar.