Ötən gecə futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib. Bununla mərhələnin ilk oyunlarına yekun vurulub.
Gecənin maraqla gözlənilən oyununda İtaliyanın "Milan" şəhərinin iki təmsilçisi üz-üzə gəlib. "San Siro" stadionunda təşkil olunan oyunda “Milan” klubu “İnter”i qəbul edib. Matçda hesab 8-ci dəqiqədə açılıb. Edin Ceko dəqiq zərbə ilə fərqlənib. Vurulan qoldan 3 dəqiqə sonra Henrix Mxitaryan ikinci topu “Milan”ın qapısından keçirdi. Matçda başqa qol olmadı və görüş “İnter”in 0:2 hesablı qələbəsi ilə başa çatdı.
Komandalar arasında cavab qarşılaşması mayın 16-da olacaq.
Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda İspaniyanın "Real Madrid" klubu doğma meydanda İngiltərənin "Mançester Siti" komandası ilə oyunda 1:1 hesablı heç-heçə edib.