Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışları keçirilib. “AHF Arena”da təşkil olunan yarışın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və federasiyanın vitse-prezidenti Orxan Abbasov ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu və bütün sahələrdə olduğu kimi, idmanda da köklü dəyişikliklərin aparılmasında müstəsna xidmətlər göstərdiyini söyləyiblər. Turnirin açılış mərasimindən əvvəl Azərbaycan Həndbol Federasiyasının (AHF) kollektivi Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Həmçinin görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb. Eyni zamanda, vurğulanıb ki, müasir müstəqil dövlətin hərtərəfli inkişafının əsasını qoyan ulu öndərin vaxtilə müəyyənləşdirdiyi strateji vəzifələr bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam etdirilib. Ardınca dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Ölkə kuboku turniri açıq elan edildikdən sonra komandalar yarış meydançasına dəvət olunublar. Gənclər və İdman Nazirliyi və AHF-in birgə təşkilatçılığı ilə keçirilən yarışa 7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla 12 komanda qatılıb. İlkin mərhələnin nəticələrinə əsasən, yarımfinala yüksələn komandalar finalçıları müəyyənləşdiriblər. Qadınların turnirində “Azəryol” “Azərsu”nu 27:8, “Qarabağ” “İdman Akademiyası”nı 27:23 hesabı ilə məğlub edib. Kişilərin mübarizəsində isə “Məhsul”a 30:23 hesabı ilə qalib gələn “İdman Akademiyası” ilə “Bakı”nı 34:27 hesabı ilə üstələyən “Təhsil” finala yüksəliblər. Final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan “Azəryol” - “Qarabağ” görüşündə fasiləyə 7 xallıq üstünlüklə yollanan “Qarabağ” ikinci hissədə 30:25 hesabı ilə qalib gələrək turnirin əsas mükafatına layiq görülüb. Kişilərin həlledici oyununda isə “İdman Akademiyası” komandası qalib olun. Rəqibini 34:22 hesabı ilə məğlub edən kollektiv Azərbaycan kubokuna sahib çıxıb.
Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov XXIX Azərbaycan kuboku yarışlarının uğurla başa çatdığını vurğulayıb. İ.Əsgərov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edib. Olimpiya çempionu Lüdmila Şubinanın da qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, kubok və hədiyyələr təqdim olunub.
Yarışlar başa çatdıqdan sonra Azərbaycan kubokunun qalibi olan “Qarabağ” komandasının prezidenti, Olimpiya çempionu Lüdmila Şubina öz təəssüratlarını “Olimpiya dünyası” qəzeti ilə bölüşüb. “Böyük bir uğurlu çıxış nümayiş etdirdik. Kubok uğrunda gərgin mübarizə hökm sürdü. Rəqiblərimiz sona qədər qalib adı uğrunda yarışdılar. “Qarabağ”adı altında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyində çempion olmaq böyük tarixi nailiyyət sayılır. “Azəryol”la final görüşündə qalibin adı cəmi 5 top fərqilə müəyyənləşdi. Uzun müddət idi ki, bu nəticəni gözləyirdik”, - deyə Lüdmila Şubina bildirdi.
Təcrübəli mütəxəssis qeyd etdi ki, heyət gənc və perspektivli həndolçulardan formalaşdırılıb. “Həndbolçu qızlarımız yarışlarda böyük fəallıq nümayiş etdirirlər. Heyətdə cəmi bir legionerimiz var. Digərləri isə yerli qızlardan formalaşıb. Əsas heyət üçün böyük rəqabət var. Bu o deməkdir ki, yaxın illərdə Azərbaycanda təcrübəli və güclü həndbolçulardan ibarət komandamız olacaq. Kubok yarışında digər komandaların heyətində də yaxış oyunçular üzə çıxdı. İstəyirik ki, Azərbaycan həndbolu yenidən böyük uğurlara nail oslun. Federasiyanın prezidenti Saleh Məmmədov hər zaman bu inkişafı diqqətdə saxlayır, çatışmayan cəhətlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəmir. Biz də öz növbəmizdə bu etimadı layiqincə doğrutmağa çalışacağıq”, - deyə Lüdmila Şubina vurğuladı.
“Qarabağ” həndbolçuları Azərbaycan kubokunun qalibi oldular