Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatına yekun vurulub. Yarışda idmançılarımız uğurla çıxış edərək üç medal qazanıblar. Bu medallardan ikisi qızıl, biri bürüncdür. Boksçularımızdan Cavid Cələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qızıl, Teymur Məmmədov (91 kq) isə bürünc medal qazanıb.
Yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənarlaşdıran Cavid Cələbiyev (56 kq) finalda Rusiya idmançısı Vladimir Nikitini 3:0 hesabı ilə məğlub edib. Dünya çempionatında debüt edən C.Çələbiyev bununla da Qazaxıstanda Azərbaycan millisinə qızıl medal qazandıran ilk boksçu olub.
Dünya çempionu Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) da öz titulunu qoruyub saxlayıb. Yarımfinalda Roberto Kammarelleyə (İtaliya) gücünü göstərən təmsilçimiz həlledici qarşılaşmada qazax boksçusu İvan Dıçkoya nokautla qalib gələrək ikiqat dünya çempionu tituluna yiyələnib.
M.Məcidov ilk iki raundda 27:30 hesabı ilə uduzsa da, sonuncu hissədə hücum taktikasını seçərək, yenidən dünyanın ən güclüsü olduğunu sübut edib. Əvvəlcə İ.Dıçkonu nokdauna salan təmsilçimiz ardınca daha tutarlı zərbə ilə qazaxıstanlı idmançını doğma azarkeşləri qarşısında nokauta salıb. Komandamızın üzvü Teymur Məmmədov (91 kq) yarımfinalda Klemente Russoya (İtaliya) məğlub olaraq bürünc medal əldə edib. Bununla da, Azərbaycan millisi 12 gün davam edən dünya çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.