"Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov Naxçıvanda keçirilən Azərbaycan Super-kuboku uğrunda matçdan sonra klubun rəsmi saytına müsahibə verib. Komanda rəhbəri "ağ-yaşıllar”ın mükafatı qazanmasına münasibət bildirməklə yanaşı, oyunla bağlı bir çox məsələlərə də toxunub.
- Əvvəlcə "Xəzər Lənkəran”ın Azərbaycan Super-kubokunun qalibi olması münasibətilə təbrik edirik.
- Çox sağ olun. Fürsətdən istifadə edib ölkəmizdə keçirilən Prezident seçkilərində növbəti dəfə Azərbaycan Respublikasının prezidenti seçilən cənab İlham Əliyevi "Xəzər Lənkəran” klubu adından təbrik edirəm. Cənab İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğını "Xəzər Lənkəran” klubu olaraq həmişə hiss etmişik. Prezidentimizin yürütdüyü daxili və xarici siyasəti həmişə dəstəkləyərək, onun arxasında olmuşuq. Bu gün də Naxçıvanda keçirilən Super-kubok matçını məhz futbolun kütləviləşməsinə dair bəndin yer aldığı ölkə prezidentinin "Futbolun inkişafına dair Dövlət Proqramı”nın bir parçası kimi qəbul edirik.
- Naxçıvanda ilk dəfə idi ki, ölkə futbolunda belə bir əhəmiyyətli oyun keçirilirdi. Klub prezidenti olaraq təşkilatçılıqdan razı qaldınızmı?
- Sözün düzü, özümüzü evdəki kimi hiss etdik. AFFA prezidenti cənab Rövnəq Abdullayevə minnətdarıq ki, bu oyunu məhz qədim diyarımız olan Naxçıvana salınmasına göstəriş vermişdir. O, bölgələrdə futbolun inkişafı üçün həmişə çalışıb və bu yöndə üzərimizə, bizim də "Xəzər Lənkəran” klubu olaraq nə düşürsə, onu yerinə yetirmək üçün həmişə əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbova isə xüsusi minnətdarlığımı bildirirəm. Onun tapşırığı ilə burada olduğumuz müddətdə ən kiçik problemin belə yaranmasına imkan verilmədi. Vasif müəllimin göstərişi ilə gənclər və idman naziri Azad Cabbarov hər gün yanımızda olur, problemlərimizlə maraqlanırdı. Bir sözlə belə təşkilatçılıq ən xoş sözlərə layiqdir. Bir daha başda cənab Vasif Talıbov olmaqla hamıya klubumuz adından təşəkkür edirəm.
- Matç yetərincə gərgin alındı və sonda "Xəzər Lənkəran” qalib gəldi. Oyundan öncə futbolçularla görüşdünüz. Komandaya nələr söylədiyinizi bilmək olarmı?
- Mən futbolçularıma həmişə inanmışam. Onların potensialının bu gün qalib gəlməyə yetərli olacağına inandığımı bildirdim. Matçda onlardan layiqli oyun, qələbə gözlədiyimi söyləyərkən futbolçularda hamılıqla qələbə qazanacaqlarına söz verdilər. Gördüyünüz kimi, komandamız layiqli oyunla qalib gəldi və verdiyi sözə əməl etdi.
- Azarkeşlərdən söz düşmüşkən, stadionda yetərincə "Xəzər Lənkəran”ı dəstəkləyən azarkeş vardı.
- Elədir. Əslində, etiraf edim ki, "Xəzər Lənkəran”ın Naxçıvanda bu dərəcədə sevildiyini bilmirdim və bununla qürur duydum. Biz özümüzlə Naxçıvana heç bir azarkeş aparmamışdıq. Hətta VİP lojada onlarla naxçıvanlı azarkeş hər iki klubun rəsmilərinin yanında "Xəzər Lənkəran”a azarkeşlik etdiyini söylədi. Bundan başqa, mənə məlumat verildi ki, burada az sayda cənublu tələbə var və onlar da komandamızı dəstəkləyənlər arasında idilər. Mən bizə inanan, bizi dəstəkləyən bütün insanlara minnətdarlıq edirəm.
- Qələbə topu vurularkən sevincinizin həddi-hüdudu yox idi. Maraqlıdır, hesab bərabərləşərkən qələbəyə inamınız itməmişdi ki?
- Əsla! Bu gün biz çox gözəl oynadıq. Hətta oyundan sonra "Neftçi” klubunun prezidenti Sadıq Sadıqov da məni təbrik edərkən belə bir ifadə işlətdi: "Siz qələbəyə layiq idiniz!”. Ona görə də final fitinə qədər futbolçularıma, baş məşqçimiz Con Toşaka inanırdım.
- Con Toşakın adını çəkdiniz. Təcrübəli mütəxəssis avroliqadakı oyundan sonra istefa vermək istərkən siz klub prezidenti kimi onun istefasını qəbul etmədiniz. Bu gün nə qədər doğru addım atdığınız bir daha sübut olundu. Bununla razısınızmı?
- Bəli. Çünki Con Toşakın səviyyəsini müzakirə etmək belə yersizdir. Onun klubumuza baş məşqçi kimi gətirilməsi Azərbaycan futbolunun inkişafı, təbliğatı üçün çox böyük bir addımdır. Cənab Toşaka klub rəhbərliyi kimi həmişə inanmışıq, onun arxasında olmuşuq. Çox doğru qeyd etdiniz ki, o vaxt biz doğru addım ataraq onun istefasını qəbul etmədik. Bu gün "Xəzər Lənkəran” ölkə çempionatında hansı yerdə qərarlaşmasından asılı olmayaraq, ən baxımlı futbol oynayan komandadır. İnanıram ki, "Xəzər Lənkəran” bu mövsüm qarşısına qoyduğu məqsədlərə Con Toşakın təcrübəsi və bacarığı ilə nail olacaq.
- Bir daha sizi "Xəzər Lənkəran”ın Azərbaycan Super-kubokunun qalibi olması münasibətilə təbrik edirik.
- Siz də sağ olun! Bir daha başda fəxri prezidentimiz Mübariz Mənsimov cənabları olmaqla bütün azarkeşlərimizi klub prezidenti olaraq təbrik edirəm.