"Neftçi” klubunun kapitanı Rəşad Sadiqov Super-kubokda "Xəzər Lənkəran”a 1:2 hesablı məğlubiyyətdən sonra Naxçıvana ezam olunmuş xüsusi müxbirimizin suallarını cavablandırıb. O, oyunun keçirildiyi stadiondan şikayətləndi.
- Gərgin keçən Super-kubok görüşünün sonunda məğlub oldunuz. Oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu cür görüşü belə bərbad meydanda oynamazlar. İki ardıcıl ötürmə vermək olmurdu. Futbolçular çox əziyyət çəkirdi. Bəlkə "Xəzər Lənkəran” Lənkəranda belə meydanda oynayır, amma biz "Bakcell Arena” kimi meydanda çıxış edirik. Heyətimizdə texnikalı futbolçular çox olduğundan, həqiqətən də, əziyyət çəkdilər. Bu da hardasa psixoloji baxımdan bizdə təzyiq yaratmışdı. Uşaqların oyunu alınmadı.
- İkinci hissədə daha istəkli idiniz. Fasilədə nə dəyişdi?
- Bəli, ikinci hissədə daha yaxşı oynadıq. Sadəcə, gərginlik həddindən artıq idi. Tez-tez mübahisələr olurdu. Bu cür hallar isə oyunun marağını azaldır. Hər iki komandanın üzvləri yıxılıb, yerdə qalırdılar. İstər-istəməz oyunun tempi aşağı düşmüşdü. Buna baxmayaraq, rəqibi qələbə münasibəti ilə təbrik edirəm.
- Meydan amili hər iki komanda üçün eyni idi. Buna görə şikayətlənməyə dəyərmi?
- Lənkəran təmsilçisi də hansısa yaradıcı hücum sonunda qol vurmadı. Onlar da hava ötürməsi ilə fərqləndilər. Bu cür yerdə kombinasiyalı futbol oynamaq çox çətindir. Biz də qələbə qazansa idik, onlar deyəcəkdi ki, meydan amili həlledici oldu. Burada söhbət təkcə bizdən getmir. Hər iki tərəf üçün futbol oynamaq çətin idi.
- Hakim penalti təyin etsə də, sonra fikrini dəyişdi. Bunu "Neftçi”nin xeyrinə dəyərləndirmək olar?
- Qərarını dəyişmək hakimin səhvi idi.
- Bəs qırmızı vərəqə olan vəziyyət?
- Baş hakim qırmızı vərəqəni hələ bir qədər tez verməli idi. Çünki biz cərimə zərbəsini yerinə yetirdiyimiz vaxt Sadio Tounkara Stamenkoviçə dirsəklə vurdu. Amma hakim vərəqə göstərmədi. Tounkara sərt futbola üstünlük verirdi.
- Rəqibin layiqli qələbə qazandığını düşünürsünüz?
- İkinci hissədə bizim də qol vəziyyətlərimiz çox oldu. Sadəcə, istifadə edə bilmədik. Ədalətli nəticə heç-heçə idi. Rəqib qələbə qazandı, təbrik edirəm.
- Bu nəticənin çempionat oyunlarına mənfi təsiri olacaqmı?
- Xeyr, çempionat oyunları tam fərqlidir. Həm də çempionatda belə meydanda oynamırıq. Futbolçular üçün daha rahat olacaq. Çalışacağıq ki, hər şey qaydasında olsun.
- Hakimliklə bağlı nə deyə bilərsiniz?
- Hər iki komanda tərəfindən hakimlərə təzyiq oldu. Mən öz oyunçularımıza qışqırırdım ki, hakimə yaxınlaşmayın. Bu cür oyunları idarə etmək çox çətindir.
Rahib Səmədov,
Bakı-Naxçıvan-Bakı