Ötən həftə Azərbaycan Super-kuboku çərçivəsində "Xəzər Lənkəran” və "Neftçi” klubları qarşılaşdılar. Oyun lənkəranlıların 2:1 hesablı qələbəsi ilə başa çatdı. Oyunla bağlı "Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Sadio Tounkara "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Malili futbolçu matçın gedişində ona verilən qırmızı vərəqəni haqlı saymadı.
- Super-kubokda əzəli rəqibiniz "Neftçi” klubunu məğlub etdiniz. Bu qarşılaşma ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Oyun çox yaxşı keçdi. Xüsusilə də, ilk hissədə yaxşı çıxış etdik. Fasiləyə qədər daha çox qol vura bilərdik. İkinci hissəyə də yaxşı başladıq. Ancaq mənə verilən qırmızı vərəqə hər şeyi korladı. İstənilən halda, qələbəyə layiq olan tərəf biz idik. Nəticədə, haqlı olaraq qələbə qazandıq.
- Sizə verilən ikinci sarı vərəqəni haqsız sayırsınız?
- Həmin vəziyyətə təkrarda da baxa bilərsiniz. Rəqib oyunçu gəlib mənimlə üzbəüz dayandı və sonra birdən özünü yerə çırpdı. Baş hakim isə buna görə mənə qırmızı vərəqə göstərdi.
- Ümumiyyətlə, necə düşünürsünüz, bu matçın hakimliyi Superkubok matçının səviyyəsinə uyğun idimi?
- Əvvəl hakimlik yaxşı idi. Ancaq sonrakı dəqiqələrdə baş hakim bizə qarşı qeyri-adi qərarlar verməyə başladı. O, əvvəl verdiyi penalti qərarını ləğv etdi. Daha sonra mənə yersiz vəziyyətdə qırmızı vərəqə göstərdi. Ona görə də bu hakimliyi Superkubok görüşünün səviyyəsinə uyğun saymıram.
- "Xəzər Lənkəran”da ilk titulunuzu qazandınız. Bu haqda nə deyə bilərsiniz?
- Komandada 3-cü mövsümümü keçirirəm. Ancaq buna baxmayaraq, Superkubok "Xəzər Lənkəran”da ilk titulumdur. İstəyirəm ki, bu komandada titullarımın davamı gəlsin.
- Qırmızı vərəqə almaqla komandanızı azlıqda qoydunuz. Buna görə komandanız uduzsa idi, özünüzdə müəyyən qədər günah görəcəkdiniz?
- Təbii ki, həmin an çox əsəbi idim. Özümə güc-bəla ilə nəzarət edə bilirdim. Yersiz qırmızı vərəqə almışdım. Buna görə komandam məğlub ola bilərdi. Meydanı tərk edəndə məyus idim. Qorxurdum ki, mənə görə komanda məğlub olar. Ancaq sonda ədalət zəfər çaldı. Biz layiqli şəkildə 10 futbolçu ilə "Neftçi”yə qalib gəldik. Məni sığortaladıqlarına görə onlara təşəkkür edirəm.
Rahib Sahiboğlu