Azərbaycandan başlayan yol qitə idmançılarını bu dəfə Polşada bir araya toplayacaq

Azərbaycandan başlayan yol qitə idmançılarını bu dəfə Polşada bir araya toplayacaq

İyunun 21-də Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Mötəbər idman turnirinin yarışları Polşanın 8 şəhərində keçiriləcək. Bakı və Minskdən sonra Oyunlarda ilk dəfə olaraq qitənin 48 ölkəsi iştirak edəcək. Məlumat üçün qeyd edək ki, ilk dəfə paytaxtımızda təşkil olunan Avropa Oyunları həyəcanını “köhnə qitə”nin 50 ölkəsinin idmançısı yaşayıb. 4 il sonra Belarusun paytaxtı Minskin ev sahibliyi etdiyi Oyunlarda da eyni sayda - 50 ölkə təmsilçisi medallar uğrunda mübarizə aparıb. Bu dəfəki yarışlar isə hər iki Avropa Oyunlarının qalibi olan Rusiya və Minsk-2019-a ev sahibliyi edən Belarussuz keçəcək.
Polşada təşkil olunacaq üçüncü Avropa Oyunlarında ümumilikdə 30 idman növü üzrə 253 dəst medal uğrunda mübarizə aparılacaq.
Ölkəmiz mötəbər yarışda 86 idmançı ilə təmsil olunacaq. Atletlərimiz idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novi Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Kryniça-Zdruy şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Misleniçe şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vrostlav şəhəri), taekvondo (8 nəfər, Kryniça-Zdruy şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda mübarizə aparacaqlar.

Azərbaycan nümayəndə heyəti iyunun 20-də çarter reysi ilə Polşaya yola düşəcək, iyulun 3-də isə Vətənə qayıdacaq.
Xatırladaq ki, ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarında Azərbaycan 285 idmançı ilə təmsil olunmuş və 56 medal qazanaraq yarışları ikinci pillədə başa vurmuşdu. Mins-2019-da isə 82 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası aktivinə 28 medal yazdıraraq ümumi medal sıralamasında 10-cu yeri tutmuşdu.
Hər zaman mötəbər yarışlarda idmançılarımızın çıxışını diqqətdə saxlayan “Olimpiya dünyası” qəzeti bu dəfə Avropa Oyunlarına həsr olunmuş xüsusi buraxılışını çoxsaylı oxucularına təqdim edir.


Bütün dünya Avropa Oyunlarının
həyəcan və sevincini  ilk
dəfə Azərbaycanda hiss etdi

Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə olduğu kimi, idmanda da mühüm uğurlara imza atıb. 2015-ci ilə nəzər yetirdikdə isə ən böyük idman hadisəsi sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının Bakıda keçirilməsi idi. Ölkəmiz 2 ildən çox davam edən yüksək səviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “köhnə qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışı keçirilməmişdi. Nümunəvi və qüsursuz təşkilatçılığı, olduqca kreativ açılış və bağlanış mərasimləri ilə yaddaqalan I Avropa Oyunları (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu.Bununla bir daha şahid olduq ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir. Bakı-2015 Azərbaycanın istənilən beynəlxalq tədbiri ən ideal şəkildə təşkil etmək imkanlarının növbəti təsdiqi olmaqla yanaşı, həm də ölkəmizdə idmanın inkişaf dinamikasının, Olimpiya Hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi. Avropa Oyunlarının standartını Azərbaycan müəyyənləşdirdi. Ümumiyyətlə, Olimpiya Oyunlarında iştirak etməklə yanaşı, bu idman tədbirinə ev sahibliyi də hər bir dövlət üçün olduqca qürurverici haldır. Təsadüfi deyil ki, bu idman yarışına ev sahibliyi uğrunda ölkələr arasında hələ illər öncədən ciddi mübarizə aparılırdı.


Romada
qəbul olunan
tarixi qərar

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edildi. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edildi.
Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində “I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzaladı. Bakıda yeni infrastrukturun yaradılması və Oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atdı. Bütün bu və ya digər məsələlər Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən 5 iclasında da geniş müzakirə olundu. Ümumilikdə, bu toplantıların əsas məqsədi görülən işlərin hesabatı, tədbirdə iştirak edən peşəkar insanlarla təcrübə mübadiləsinin aparılması, yeni ideyaların, məsləhətləşmələrin əldə olunması idi. Avropanın ən böyük şəhərlərində təqdimat mərasimləri keçirildi. I Avropa Oyunlarına hazırlığın tələb olunan səviyyədə həyata keçirilməsində Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılıq məharəti və hər bir işə böyük məsuliyyətlə yanaşması müstəsna rol oynadı. Məsul yarışda əsas məqsəd ən güclü idmançıların müəyyənləşdirilməsi ilə yanaşı, xalqlar arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi, sülh və əmin-amanlığın təbliği idi. Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsi yarışların yüksək səviyyədə keçirilməsi üçün intensiv hazırlıq işlərini davam etdirdi. Bakıda işlərin çox olmasına baxmayaraq, Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə Avropa ölkələrində I Avropa Oyunlarının təqdimatı keçirildi. Kann, Afina, Berlin, İstanbul, Paris, Davos, Roma, Moskva və Brüssel kimi şəhərlərdəki təqdimat mərasimlərində yekdilliklə vurğulandı ki, Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Bakı-2015 I Avropa Oyunları ilə dünya üçün nümunəvi və əhəmiyyətli təcrübə qoyacaq. Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqlədi. 


Məşəl 47 gün
ərzində 5,5 min kilometr məsafəni qət etdi

Avropaya nur saçan məşəl - əslində, ölkəmizdə bu möhtəşəm idman müsabiqəsinin həyəcanı 2015-ci il aprelin 26-dan başlamışdı. Həmin gün Bakıda “Atəşgah” məbədində I Avropa Oyunlarının məşəli alovlandırıldı və bununla da özünün yeni mərhələsinə qədəm qoydu. Buna görə həmin gün I Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşdü. Prezident İlham Əliyevin alovlandırdığı məşəl Azərbaycanın bütün regionunu gəzdi. 60 rayonu səyahət edərək 47 gün ərzində 5,5 min kilometr məsafə qət edən məşəlin səyahəti zamanı ümumilikdə mindən çox məşəlçi iştirak etdi. Məşəl yer üstündə - avtobus, funikulyor, velosiped, yer altında isə Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşındı. Məşəlin səyahəti Azərbaycanın inkişafını, yüksəlişini, xalqımızın isə sıx həmrəyliyini və yüksək mənəvi ovqatını bütün dünyaya nümayiş etdirdi.

 

Keçmişlə
müasirliyin sintezi

Avropa Oyunlarında dünyanın diqqət mərkəzində olan əsas hadisələrdən biri də yarışın təntənəli açılış və bağlanış mərasimləri idi. İyunun 12-də və 28-də burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şoular nümayiş olundu. Avropa Oyunlarının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və digər ölkələrin prezidentləri, yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edirdilər. Tam olmayan bu siyahı Oyunların bütün dünyanın diqqət mərkəzində olmasını bir daha bariz şəkildə təsdiq edir. Avropa Olimpiya Komitəsinin bayrağını qitənin müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu-Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kristina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçi-kova (Rusiya) gətirdilər. AOK-un bayrağı Azərbaycan bayrağı ilə yanaşı ucaldıldı.
İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi. O, dedi: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır.
Bu axşam biz Avropanın 6 min ən yaxşı atletini ölkəmizdə salamlayırıq. Hörmətli atletlər, bu Oyunlar sizin üçündür. Siz ilk iştirakçısınız.Siz Avropa Oyunlarının ilk çempionları olacaqsınız. Bütün Azərbaycan xalqı Sizə dəstək vermək üçün bir araya gəlib”.
Avropa Olimpiya Komitəsinin prezidentinin mərasimdəki çıxışı bu Oyunların beynəlxalq əhəmiyyətini, oyunların reallaşmasına ölkəmizin verdiyi töhfəni aşkar göstərir: “Bu axşam burada Bakının yeni möhtəşəm Olimpiya Stadionunda biz Avropa idmanında tarixi məqamın şahidiyik, onu yaradırıq. Bu axşam biz dünyanın qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik.
Bakı-2015 uzun yolun ən vacib nöqtəsidir və çılğın arzudur. O, AOK-un alovlanan iddiasıdır. Bu, Sizin üçün, Bakı üçün, Azərbaycan xalqı üçün indiki nəslə bir dəfə nəsib olan fürsətdir və sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz”.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan etdi.
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Bakı-2015  birinci Avropa Oyularının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından I Avropa Oyunları ilə bağlı Olimpiya  ailəsinin üzvləri üçün qəbul təşkil olundu.
Birinci Avropa Oyunlarının əsas yarışları iyunun 13-dən başlandı və iyunun 28-nə qədər davam etdi. Bu dövrdə bütün diqqət yarış meydanlarına yönəldi.Azərbaycan Prezidenti İlham Əliyev və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da bu dövrdə, demək olar ki, bütün idman növlərində yarışları canlı izlədilər, qalibləri mükafatlandırdılar, onların qələbələrinə sevindilər.
Azərbaycan Milli Olimpiya Komitəsinin iqamətgahında isə iyunun 14-dən başlayaraq hər gün “Zəfər günləri” tədbirləri keçirildi. İlk dəfə MOK tərəfindən həyata keçirilən bu layihə zamanı medal qazanan atletlərimiz, onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri ilə MOK-un inzibati binasında görüşlər təşkil edildi, zəfər əldə edən idmançılarımıza komitənin mükafatları verildi. Azərbaycan Milli Olimpiya Komitəsinin qapıları “Zəfər günləri”ndə I Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, qaliblərlə canlı təmasda olmaqdan zövq alan və digər maraqlı, yaddaqalan anların, bir sözlə, I Avropa Oyunları kimi tarixi bir hadisənin şahidi olmaq istəyənlərin üzünə açıq oldu.
I Avropa Oyunlarında 50 ölkənin nümayəndələri iştirak etdi. Qitənin güclü atletləri 20 idman növündə çıxış etdilər. Azərbaycan Bakı-2015 I Avropa Oyunlarını 56 medalla başa vurdu. İdmançılarımız bu yarışlarda 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq, Rusiya Federasiyasından sonra ikinci yeri tutdu. Bu Oyunlarda atletlərimiz Azərbaycan üçün ənənəvi sayılmayan idman növlərində də yüksək nəticələr göstərdilər və bununla ölkənin idman potensialının nə dərəcədə güclü olduğunu təsdiq etdilər.
İyunun 28-də keçirilən bağlanış mərasiminin də süjet xətti orijinallığı və qeyri-adiliyi ilə seçilirdi. Folklor nümunələrimizdə Simurq quşu əsas mifoloji obrazlardan biri olaraq insanları xilas edən, onlara yardım göstərən, qanadından tük verərək dar gündən xilas edən əfsanəvi varlıq kimi öz əksini tapdı. Simurq quşu həyat ağacını səmadan yerə endirən, insanlara həyatı, yaşamağı öyrədən bir quşdur. Bu mənada, bağlanış mərasimində nümayiş olunan Simurq quşu Azərbaycanın bütün dünyaya yardım üçün açıq ölkə olduğunu göstərirdi. Bir sözlə, Azərbaycan səbirsizliklə gözlənilən ilk Avropa Oyunlarının həyəcan və sevincini dünyaya yaşatdı. Beynəlxalq ictimaiyyət yüksək səviyyəli, möhtəşəm və inanılmaz idman bayramının şahidi oldu.
Beləliklə, 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda oldu.Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.
Möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatdı. Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə Azərbaycanın dövlət bayrağı stadiona gətirildi və Avropa Olimpiya Komitəsinin bayrağının yanında ucaldıldı. Sonra idmançıların paradı oldu.
Azərbaycanın birinci xanımı, Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi.
O dedi: “Birinci Avropa Oyunlarının uğurla başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm. Oyunlar zamanı Azərbaycan yığma komandasına, Avropa atletlərinə və çoxsaylı qonaqlarımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm.
Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi.
Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq. Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq. Bu axşam biz hamınızla sağollaşırıq. Lakin Sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik.
Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.
Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq”.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış etdi. O dedi: “Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəldi. Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Bakı-2015 ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi Avropada ən yaxşı kişi və qadın idmançılar üçün çox gözəl arenaları hazırladı. İş fəaliyyətinin dəqiqliyi qızıl medallar standartına uyğun oldu. Bütün bunlar cəmi 30 ay ərzində təmin edildi. Burada yaratdığınız idman obyektləri gələcək illərdə atletlərinizə, xalqınıza və gənclərə xidmət edəcək.
Belə bir böyük layihənin reallaşdırılmasında nümayiş etdirdiyiniz yekdilliyə görə hamınıza minnətdarıq. Siz komandalarınızı idman arenalarında ən yüksək nəticələri əldə etmək üçün ilhamlandırdınız. Beləliklə, indi mən minnətdarlıq, qürur və böyük nikbinlik hissi ilə Bakı-2015 ilk Avropa Oyunlarını bağlı elan edirəm”.
Möhtəşəm atəşfəşanlıqdan sonra I Avropa Oyunlarının bağlanış mərsiminə yekun vuruldu. Beləliklə, Bakı-2015 Azərbaycana başucalığı gətirən tarixə çevrildi.
Azərbaycan Prezidenti I Avropa Oyunlarına həsr olunmuş yekun tədbirində demişdir: “Əlbəttə, bu gün mən idmançıların uğurlarını, qələbələrini xüsusilə qeyd etmək istəyirəm. Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq bizə imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək”.
Azərbaycan Prezidenti I Avropa Oyunlarının Təşkilat Komitəsinin və onun sədrinin fəaliyyətini qeyd edərək demişdir: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə, ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”.


I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva “Heydər Əliyev” Ordeni ilə təltif edildi. Mehriban xanım Əliyeva ordenin təqdimatı ilə bağlı çıxışında demişdir: “Hörmətli cənab Prezident, bizim əməyimizi belə yüksək qiymətləndirib Azərbaycanın ali orden və medalları ilə təltif etdiyinizə görə hər birimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq”.
Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasında xüsusi xidmətləri olan Mehriban xanım Əliyevanın əməyi Avropa Olimpiya Komitəsi tərəfindən də yüksək qiymətləndirildi. Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan “Ali Orden” təqdim edildi. 
Beləliklə, I Avropa Oyunları bədi bir tarixə çevrildi. I Avropa Oyunları, şübhəsiz ki, Azərbaycana çox şey verdi. Ölkəmizin əldə etdiyi əsas uğurları aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Azərbaycan Olimpiya Oyunları formatında möhtəşəm tədbiri keçirməyə qadir olduğunu sübut etdi; 
2. Azərbaycanın beynəlxalq miqyasda imici artdı; 
3. Azərbaycanın tanınma miqyası və tanıyanların Azərbaycana rəğbəti kifayət qədər artdı; 
4. Kifayət qədər çox insan Azərbaycan mədəniyyəti, idmanı, adət-ənənələri ilə yaxından tanış oldu; 
5. Azərbaycanın idman infrastrukturuna mühüm idman obyektləri əlavə olundu; 
6. Bakı şəhərinin nəqliyyat və digər infrastrukturlarında əhəmiyyətli irəliləyişlər və yeniliklər əldə olundu; 
7. Azərbaycanın turizm potensialı artdı və ölkəyə turist kimi gələnlərin sayında artım üçün zəmin yarandı.

Beləliklə, idman mütəxəssisləri, analitiklər hesab edirlər ki, Bakı-2015 gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı.Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya Hərəkatını şərəfləndirdi.

 


Bakıdan sonra Minsk 

 

Bakıdan sonra Avropa Oyunlarına ev sahibliyi edən şəhər Belarusun paytaxtı Minsk oldu. İyunun 21-dən-30-dək keçirilən yarışlarda idman həvəskarları növbəti mötəbər idman hadisəsinə şahidlik etdilər.
II Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl Belarus paytaxtında ikinci Avropa Oyunları çərçivəsində “Azərbaycan Günü” təşkil edildi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin və rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə  ölkəmizin milli adət-ənənələri, mədəniyyəti və incəsənəti ilə bağlı maraqlı təqdimatlar oldu. 
İyunun 21-də Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirildi. “Dinamo Arena”da keçirilən mərasimi bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Respublikası Milli Məclisin sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə izlədilər.
Azərbaycan millisi paradda altıncı sırada arenaya daxil oldu.Komandamızın bayraqdarı cüdoçu Rüstəm Orucov idi.
İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri Minsk-2019 II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşdülər. 
İyunun 21-də start götürən II Avropa Oyunlarında qitənin 50 ölkəsindən 4 mindən çox atlet 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda mübarizə apardı. İdmanın 8 növü üzrə yarışlar Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyırdı. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçirildi.
Azərbaycan II Avropa Oyunlarında 82 atletlə təmsil olundu. İdmanın 11 növü üzrə medallar uğrunda yarışan atletlərimiz 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq, 50 ölkə arasında ilk onluqda yer aldılar. İkinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Bakı-215-də olduğu kimi, Rusiya komandası tutdu. Rusiyalı atletlər ümumilikdə 109, o cümlədən 44 qızıl, 23 gümüş və 22 bürünc medal qazandılar. Ev sahibi Belarus millisi 69 (24-16-29) medalla ikinci oldu.Üçüncü yeri isə aktivində 51 medal (16-17-18) olan Ukrayna tutdu.
İyunun 30-da Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirildi. “Dinamo Arena”da keçirilən mərasimdə Belarus, Rusiya, Tacikistan prezidentləri ilə yanaşı, Beynəlxalq və Avropa Olimpiya komitələrinin prezidentləri iştirak edirdilər. Bundan başqa bir sıra ölkələrin nazirləri, o cümlədən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edirdilər.
2019-cu ildə Minskdə keçirilən ikinci Avropa Oyunlarının bağlanış mərasimində rəsmi olaraq Krakovun növbəti Oyunlara ev sahibliyi edəcəyi açıqlandı. Buna qədər Oyunlara ev sahibliyi etmək üçün Böyük Britaniyanın Mançester, İsrailin Hayfa, Rusiyanın Kazan və Polşanın Katoviçe şəhərləri əsas namizədlərdən hesab olunurdu. Polşa hökuməti sonradan Katoviçeni Krakovla əvəzləməyi məqsədəuyğun hesab etdi. 2019-cu il may ayının 31-də adları çəkilən ölkələr öz namizədliyini geri götürdülər. Krakovdan başqa seçimi olmayan Avropa Olimpiya Komitəsi 2019-cu il iyunun 6-da qeyri-rəsmi olaraq Krakovu 2023-cü ildə keçiriləcək Avropa Oyunlarının yeganə namizədi kimi ictimaiyyətə təqdim etdi.