“Neftçi” Rusiyada keçiriləcək “PARI Premyer” turnirində iştirakdan imtina edə bilər. Bu haqda "Sport ekspress"ə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib. O, Rusiyadakı siyasi vəziyyətlə əlaqədar "Neftçi"nin iyulda Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyinin qeyri-müəyyən olduğunu deyib. Klub rəsmisi paytaxt təmsilçisinin "PARİ Premyer"in təşkilatçıları ilə məsləhətləşəcəyini bildirib: “Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyimizi hələ bilmirik. Turnirin təşkilatçıları ilə yaxın vaxtlarda danışacağıq. Bundan sonra klub yekun qərarı verəcək”.
Sankt-Peterburqdakı turnir iyulun 1-dən 15-dək keçirilməlidir. Burada “Neftçi”, Türkiyənin “Fənərbaxça”, Serbiyanın “Srvena Zvezda” və Sankt-Peterburqun “Zenit” klubları iştirak etməlidir.
Qeyd edək ki, Rusiyanın bəzi regionlarında bu gün antiterror əməliyyatı rejimi tətbiq edilib.