Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov dünya çempionatında uğur qazanmış boksçularımızla görüşüb

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov dünya çempionatında uğur qazanmış boksçularımızla görüşüb

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Qazaxıstanın Almatı şəhərində keçirilmiş dünya çempionatında uğur qazanmış milli komandamızın üzvləri və il ərzində müxtəlif nüfuzlu yarışlarda fərqlənmiş digər boksçularla görüşüb. Tədbirdə çıxış edən Kəmaləddin Heydərov yığmamızın dünya çempionatından böyük qələbə ilə döndüyünü bildirib. O, yarışda 2 qızıl, 1 bürünc medal qazanmış boksçularımızı Azərbaycan Boks Federasiyasının adından təbrik edərək, əldə olunan uğuru ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib.
«Bu, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin gənclər və idman sahəsində həyata keçirdiyi uzunmüddətli siyasətin nəticəsidir. Əvvəllər təkcə boksçularımızın deyil, digər növlər üzrə idmançılarımızın da məşq etməyə belə yerləri yox idi. Amma indi Azərbaycanın hər bir regionuna gedirsən, hər yerdə Olimpiya kompleksləri və digər idman qurğuları istifadəyə verilib. Bu, ölkəmizin digər sahələrində olduğu kimi qazandığı nailiyyətlərdən biridir”-deyə federasiya prezidenti bildirib.
Kəmaləddin müəllim qeyd edib ki, hər yerdə olduğu kimi, bəzi beynəlxalq federasiyalarda da ikili standartlar mövcuddur: «Bəzən istəyirlər ki, öz niyyətlərini həyata keçirsinlər. Beynəlxalq Həvəskar Boks Federasiyasının əsas texniki heyəti boksçularımızın nəticələrini aşağı salırdılar. Amma qalibi mühakimə etmirlər. Biz ümumi komanda hesabında 3-cü yeri tutmuşuq, Azərbaycanın idman salnaməsinə yazılmışıq. Bundan sonra da qazanılacaq medallar siyahısında öz yerimizi tutmuşuq. İdman uğurlarınızla siz nə qədər yüksək pillələrə qalxsanız, deməli, Azərbaycan gəncliyi o qədər sağlamdır».
Medal qazanmış boksçularımız çıxış etdikdən sonra ABF prezidenti Kəmaləddin Heydərov dünya çempionatında fərqlənən boksçularımızı mükafatlandırıb və onlarla birgə nahar edib.