III Avropa Oyunlarının bağlanış mərasimi keçirilib

III Avropa Oyunlarının bağlanış mərasimi keçirilib

İyulun 2-də Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarına yekun vurulub. Yarışın bağlanış mərasimi “Henik Reyman” stadionunda təşkil olunub. Mərasimdə Polşa və bəzi Avropa ölkələrinin rəhbər şəxsləri, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin rəsmiləri iştirak ediblər. Mərasim Polşanın Dövlət Himni ilə başlanıb. Ardınca iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Azərbaycanın bayraqdarı Krakov-2023-də boks yarışında gümüş medal qazanan Məhəmməd Abdullayev olub.

Daha sonra bədii hissə çərçivəsində müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib. Yerli ifaçılar mahnılar səsləndiriblər. Onlar arasında Viki Qabor, Sara Ceyms və Di-Cey Qromi də yer alıb.

Tədbirdə bayrağın növbəti Oyunların ev sahibinə ötürülmə mərasimi olmayıb. Buna 2027-ci ildəki yarışın harada keçiriləcəyinin dəqiqləşməməsidir. Tədbir zamanı Avropa Olimpiya Komitələrinin bayrağı sadəcə endirilib.

Çıxışlarda yarışın yüksək səviyyədə keçməsindən, Avropa ölkələri arasında dostluğa təsirindən danışılıb.

İyunun 21-də açılış mərasimi keçirilən və 12 gün Avropanın diqqət mərkəzində olan yarışın Sülh məşəli də söndürülüb.

Qeyd edək ki, III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparıb. Atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışıblar. Oyunlarda Azərbaycan idmançıları da təmsil olunublar. Polşaya 14 (atletika da daxil) idman növü üzrə 101 idmançı ilə yollanan millimiz 11 (3 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıb. Komandamız bu nəticə ilə yekun medal sıralamasında 24-cü yeri tutub.

Oyunlarda ümumilikdə 840 medal sahibini tapıb. Bunların 254-ü qızıl, 253-ü gümüş, 333-ü bürüncdür.

İlk sırada İtaliya qərarlaşıb. Onlar ümumilikdə 100 (35 qızıl, 26 gümüş və 39 bürünc) medala sahib olublar. İspaniya (21 qızıl, 17 gümüş, 19 bürünc) ikinci, Ukrayna (21 qızıl, 12 gümüş, 8 bürünc) üçüncüdür.

Krakov-2023-də 48 ölkədən 41-i medal qazanıb. Onlardan 35-i çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri isə 2019-cu ildə Minskdə keçirilib. Azərbaycan millisi Bakı-2015-də 56 (21 qızıl, 15 gümüş, 20 bürünc) medal qazanaraq ümumi medal sıralamasında ikinci yeri tutub. Minsk-2019-da isə komandamız 28 (5 qızıl, 10 gümüş, 13 bürünc) medal qazanaraq medal sıralamasında 10-cu olub.