“Meydança amili və hava şəraitini nəzərə alsaq, oynamaq asan deyildi”.
Bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə “Linkoln”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, “Qarabağ” bir neçə epizodu çıxmaq şərtilə, 90 dəqiqə ərzində çox diqqətli oynadı. Sadəcə, 1-2 epizod zamanı bir az diqqətsizlik oldu. “Linkoln” təcrübəli futbolçulardan qurulmuş kollektivdir. Hər birinin son nöqtəni qoymaq bacarığı var. 23-24 günlük səfərdən sonra komandada psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, özlərini düzgün idarə edib qələbə topunu vura bildilər. Oyunçularımın matça yanaşmasından razı qaldım”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.