İyulun 13-də Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri start götürəcək. Seriyanın sonuncu mərhələsində iki milli komandamız təmsil olunacaq. İyulun 16-dək davam edəcək yarışda sərbəst güləş üzrə yığmamızın iki üzvü – Abubakr Abakarov (86 kq) və Maqomedxan Maqomedov (97 kq) məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında uğur qazanmağa çalışacaq.
Komandanın digər üzvləri isə hazırda Vladiqafqazda təlim-məşq toplanışı keçir. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında baş tutan hazırlıq prosesi iyulun 22-dək davam edəcək.
İyunun 29-dan Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında Almaniya və İsveç yığmaları ilə birgə toplanışda iştirak edən yunan-Roma güləşçilərimiz isə iyulun 13-də Budapeştə yollanacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Murad Məmmədov (hər ikisi 60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokyayev (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) turnirdə mübarizə aparacaqlar.
Güləşçilərimiz Budapeştdə baş tutacaq sonuncu reytinq turnirində iştirak etdikdən sonra bu ölkədə qalıb, bir neçə yığma ilə birgə təlim-məşq toplanışı keçəcəklər. Komandamız Vətənə iyulun 30-da qayıdacaq.
Qeyd edək ki, reytinq turnirində I-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaqlar.