Türkiyənin İstanbul şəhərində U-17 dünya çempionatına start verilib. İlk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib.
Elnar Ziyadov (48 kq) gürcüstanlı Yuri Çapidzeyə tam üstünlüklə (8:0) qalib gələrək 1/4 finala yüksəlsə də, iranlı Payam Balutakiyə 2:4 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ziyadov sabah təsəlliverici görüşə çıxacaq. Rəqib Maksim Bradyak (Belarus) – Haruka Şiina (Yaponiya) qarşılaşmasının qalibi olacaq.
Tural Əhmədov (55 kq) təsnifat mərhələsində ermənistanlı Yuri Karapetyana uduzub - 2:5.
Bu ay U-15 Avropa çempionatının qalibi olan Yusif Əhmədlinin (65 kq) yuxarı yaş kateqoriyasında debütü uğurlu alınıb. Pəhləvanımız amerikalı Vilyam Qrinvud (8:0), yunanıstanlı Atanasios Eftimiadis (8:0), moldovalı Oktavyan Kernetki (15:6) və özbəkistanlı İslambek Kərimcanovu (12:4) vaxtından əvvəl məyus edərək adını finala yazdırıb. Əhmədli həlledici görüşdə rusiyalı Zaur Beslekoyevlə qarşılaşacaq.
Elmin Əliyev (80 kq) özbəkistanlı Bekmurad Rüstəmovu 3:1 hesabıyla üstələsə də, 1/4 finalda rusiyalı Mixail Şkarinə məğlub olub - 3:4. Rəqib finaladək irəlilədiyi üçün Əliyev təsəlliverici görüşdə ermənistanlı Erik Matevosyanla üz-üzə gələcək.
Mahir Qurbanlı (110 kq) 1/8 finalda gürcüstanlı Saba Çilaşviliyə 0:2 hesabı ilə uduzub.