Ölkəmizdə sevilən və ənənəvi idman növlərindən biri də güləşdir. Demək olar ki, idmana qədəm qoyan yeniyetmə və gənclərin əksəriyyəti güləş idman növünə üstünlük verirlər.
Ötən əsrdən etibarən Azərbaycan idmanında qazanılan uğurlarda güləşin xüsusi yeri olduğu danılmazdır. Bunun nəticəsidir ki, valideynlər övladlarının güləşlə məşğul olmasına hər zaman müsbət yanaşırlar. Qədim və Olimpiya idman növü sayılan güləşdəki uğurlarımız hər zaman fəxrlə qeyd olunur. Çünki Azərbaycanlı güləşçilər Olimpiya, dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr nümayiş etdiriblər.
“Olimpiya dünyası” qəzeti hər zaman yeniyetmə və gənc idmançıların uğurlarını öz səhifələrində geniş işıqlandırır, onları cəmiyyətə tanıtdırmaqda vasitəçi olur. Belə perspektivli idmançılardan biri də Murad Əliyevdir. Onunla redaksiyamızda görüşüb, idman uğurları və gələcək planları barəsində danışdıq. Həmin görüşdəki maraqlı məqamları çoxsaylı oxucularımıza təqdim edirik.
2006-cı il martın 4-də İmişli şəhərində anadan olan Murad Əliyev uşaq yaşlarından idmana maraq göstərib. Elə bu maraq onu 5 yaşında güləş bölməsinə yazılmasına gətirib. İdmana gəlişini xatırlayan gənc güləşçi bu yolda hər zaman onu valideynlərinin dəstəklədiyini deyir: “Güləş bölməsinə qohumumuzun sayəsində yazılmışam. İlk dəfə zala daxil olanda keçirilən məşqlər məni heyran etdi. Valideynlərim əvvəllər istəyimə qarşı idilər. Çünki onlar milli rəqslə məşğul olmağımı istəyirdilər. Lakin güləşə olan həvəsim valideynlərimi fikirlərindən daşındırdı. 12 il “Lokomotiv” İdman Cəmiyyətində sərbəst güləşlə məşğul oldum. Bir sıra yarışlarda mənə göstərilən etimadı doğrultdum. Bu işdə məşqçim Fuad Aydınlıya minnətdarlığımı bildirirəm. Onun dəstəyi sayəsində güləşə olan marağım daha artdı. Ölkə miqyaslı turnirlərdən sonra ilk beynəlxalq yarışda özümü sınadım. Türkiyədə təşkil olunan 24-cü beynəlxalq qələbə turnirində uğurla çıxış edərək, qızıl medala layiq görüldüm”.
M.Əliyevin uğurları bundan sonra daha da artmağa başlayıb. Ona Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən 2018-ci il yanvar ayının 27-də I dərəcəli idmançı adı verilib. Ölkədaxili yarışlarda fəallığı ilə seçilən yeniyetmə idmançı 2019-cu ildə İran İslam Respublikasında təşkil olunan beynəlxalq turnirdə 35 kq çəki dərəcəsində gümüş medala sahib çıxıb.
O, 2021-ci ilin noyabr ayında 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika turnirində 51 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ötən il martın 3-4-də təşkil olunan yunan-Roma güləşi üzrə U-17 Bakı birinciliyində qızıl medala layiq görülən Murad bu yarışdan sonra Trabzona yollanıb. Türkiyədəki beynəlxalq turnirdə ikinci yeri tutan M.Əliyev bir ay sonra U-17 yeniyetmələr arasında Azərbaycan birinciliyində gümüş medala sahib çıxıb. İstedadlı güləşçi bu il təşkil olunan U-17 Azərbaycan birinciliyində də fərqlənməyi bacarıb. Belə ki, o, 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, çıxışını qızıl medalla başa vurub.
Təbii ki, hər bir idmançının peşəkar səviyyədə fomalaşmasında və yüksək nəticələr əldə etməsnində məşqçinin rolu danılmazdır. Məhz məşqçi-müəllimlərin tövsiyələrinə və nizam-intizama riayət edən idmançı karyerasının ən yüksək zirvəsinə ucala bilir. Hər zaman məşqçilərinin dəyərli tövsiyələrini özü üçün nümunə hesab edən Murad bildirir ki, qələbə ilə yanaşı, məğlubiyyətlə də barışmaq lazımdır: “Məşqçim hər zaman deyirdi ki, xalçada aqressiv davranş insanın mənəvi zəifliyindən xəbər verir. O, öz tələblərinə tövsiyə edir ki, insan nə qədər güclü olursa olsun, bunu hər məqamda biruzə verməli deyil. Səbr və möhkəm iradə istər idmançı, istərsə də digər sahədə çalışan insanların üstünlüyüdür. Hər zaman bu dəyərli fikirlərə arxalanmışam, məqçimin tapşırıqlarına riayət etmişəm”.
Hazırda UGİM-2-nin idmançısı olan Murad idmanla yanaşı, həm də universitet tələbəsidir. Dağıstan Dövlət Pedoqoji Universitetində təhsil alan Murad Əliyev müəllimlik fakültəsinin 1-ci kurs tələbəsidir. İnanırıq ki, o yaxın gələcəkdə daha mötəbər idman yarışlarında iştirak etmək imkanı əldə edəcək, yeni nailiyyətlərə yiyələnəcək.
Anar Əhmədov