Veteran güləşçilər Yunanıstandan 1 dəst medalla qayıdırlar

Veteran güləşçilər Yunanıstandan 1 dəst medalla qayıdırlar

Oktyabrın 17-dən 22-dək Yunanıstanın Lutraki şəhərində veteranlar arasında dünya çempionatı keçirilib. Ölkəmizi sərbəst güləşdə Cəlal Süleymanov (62 kq), yunan-Roma güləşində isə Xalid Cəfərov (70 kq) və Elgiz Məmmədov (88 kq) təmsil edib. Cəlal Süleymanov (62 kq) qazaxıstanlı Medet Raximbay, yaponiyalı Ken Kikuçi və amerikalı Benjamin Kyara qalib gələrək dünya çempionu olub.

Xalid Cəfərov (70 kq) amerikalı Ceyms Ferqusona tam üstünlüklə qalib gəsə də, yarımfinalda serbiyalı Milan Mariçə uduzub. X.Cəfərov İsveçli Karl Qranbomu minimal fərqlə məğlub edərək bürünc medala sahib çıxıb.

Elgiz Məmmədov (88 kq) rusiyalı Şamil Abulmuslimov, qazaxıstanlı Bakitjan Nuradinov və amerikalı Kayl de Berrini vaxtından əvvəl məyus edib. Həlledici görüşdə bolqarıstanlı Plamen Palevə uduzan E.Məmmədov ardıcıl 2-ci dəfə dünya ikincisi olub. Beləliklə, güləşçilərimiz mundialda bir dəst medal qazanıb.

Qeyd edək ki, DÇ-də hakimlərimizdən Xəyal Əliyev, Sevinc Yusibova və Eldar Bayramov ədaləti qoruyub.