Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşınadək güləşçilər arasında dünya çempionatına yekun vurulub. Komandamız yarışda güləşin hər üç növündə qüvvəsini sınayıb. Güləşçilərimiz yarışı 4 gümüş, 7 bürünc medalla başa vurublar.
Pəhləvanlarımızdan mübarizəyə ilk olaraq sərbəst güləşçilərimiz başlayıblar. Təmsilçilərimiz yarışı 2 gümüş, 3 bürünc medalla başa vurublar. Yığmanın tərkibində Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) isə bürünc medal qazanıb. Beş medal qazanan Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub. ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.
Qadın güləşçilərin yarışında Jalə Əliyeva (57 kq) gümüş, Elnurə Məmmədova (50 kq) isə bürünc medala sahib çıxıb.
Yunan-Roma güləşi üzrə millimiz də mundialda uğurla çıxış edib. Təmsilçilərimizdən Xasay Həsənli (77 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Ruslan Nurullayev (72 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb. Bir gümüş və üç bürünc medal qazanan klassiklərimiz 93 xalla komanda hesabında dünya 2-cisi olub. Türkiyə (121 xal) birinci, Gürcüstan (78 xal) isə üçüncü yeri tutub.
Komandamız bu nəticəylə 2 göstəricisini yaxşılaşdırıb. 2017-ci ildən keçirilən U-23 dünya çempionatları tarixində ilk dəfə ikinci yeri tutan yunan-Roma güləşi üzrə millimiz həm də komanda hesabında toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb.