Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, günün ilk qarşılaşması “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov Az Terminal”ın üstünlüyü ilə keçib. Eldar Yusubovun yetirmələri oyunda 3:0 hesabı ilə qələbə qazanıblar. Ardınca meydançaya “Abşeron” və UNEC klubları çıxıb. Bu qarşılaşmada da qalib üç setdə müəyyənləşib. Rəqibini quru hesabla üstələyən “Abşeron” çempionatdakı ikinci matçında da meydançadan qalib ayrılıb.
Turun daha bir qarşılaşması isə Gəncə şəhərində təşkil olunub. Gəncə Olimpiya İdman Kompleksində təşkil edilən oyunda yerli komanda son ölkə çempionu “Azərreyl”i qəbul edib. Günün iki matçında olduğu kimi yenə 3:0 hesablı qələbə qeydə alınıb. Qonaqlar hər üç setdə üstün oyun göstərərək matçın qalibi olublar.
Beləliklə, “Murov Az Terminal” 6 xalla turnir cədvəlinə liderlik edir. 6 xalı olmasına baxmayaraq set fərqinə görə liderdən geri qalan “Abşeron” ikinci, “Azərreyl” və “Milli Aviasiya Akademiyası” hərəyə 3 xalla üçüncü və dördüncü yerləri tutur. Xalı olmayan “Gəncə” və UNEC isə son pillələri bölüşürlər.