Şahmatın rapid və blits növləri üzrə keçirilən kişilər arasında Azərbaycan çempionatının qalibinin adına aydınlıq gəlib. Azərbaycan Şahmat Federasiyasındanverilən məlumata görə, Bakı Şahmat Klubunda təşkil olunan yarışda zəka sahibləri əvvəlcə rapid, turnirin son günündə isə blitsdə mübarizə aparıblar.
Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblərin adına aydınlıq gəlib. İki yarışın yekununa əsasən, 11 xal qazanan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi olub.
Abdulla Qədimbəyli 9,5 xalla ikinci yerə sahib çıxıb. Hərəyə 9 xal toplayan Kənan Qarayevlə Əhməd Xaqan müvafiq olaraq, 3-4-cü yerləri bölüşüblər. Əlavə göstəricilərdə üstün olan K.Qarayev turniri üçüncü yerdə başa vurub.
Kişilər arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 5000 manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyıb. Reqlamentə əsasən, ilk üç yeri tutan şahmatçılar ölkəmizi mundialda təmsil etmək hüququ qazanıblar.