Bakıda təşkil olunan dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda təşkil olunan dünya çempionatının bağlanış mərasimi keçirilib

“Sərhədçi” İdman Mərkəzində keçirilən güləş üzrə 36-cı dünya çempionatının bağlanış mərasimi keçirilib. Mərasimdə əvvəlcə hərbi orkestrin müşayiəti ilə yarışda iştirak etmiş ölkələrin bayraqları təqdim olunub. Tədbirdə Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede, Dövlət Sərhəd Xidmətinin rəis-müavini Abbas Xəlilov iştirak ediblər.

Tədbirdə çıxış edən Dirk Şvede turnirin təşkilatçılığını yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycanda hər sahədə olduğu kimi idmanda da inkişaf yüksək səviyyədədir: "Dünya çempionatında güləşçilərin mübarizə aparması üçün hər bir şərait var. Yarış boyu həm dostluq, həm də rəqabətin şahidi olduq".

Təşkilat komitəsinin nümayəndələri Elnur Həbibov və Elşən Mirzəyev, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov, Beynəlxalq Hərbi İdman Şurasının medalları ilə təltif olunub.

Abbas Xəlilov isə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif edilib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəis-müavini Abbas Xəlilov çıxış edib. Tədbir iştirakçılarını salamlayan qurum rəsmisi Bakıda dünya çempionatını qəbul etməkdən məmnun olduğunu ifadə edib.

O bildirib ki, Prezident İlham Əliyevin idmana qayğısı nəticəsində ölkəmizdə bir çox beynəlxalq yarışlar təşkil olunur: “Dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi bizim üçün xüsusi məna kəsb edir. İdman özündə sülh, dostluq rəmzlərini əks etdirir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən bu çempionat yüksək səviyyədə təşkil olunmuşdur”.

A.Xəlilov təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib.

Sonda isə çempionatla əlaqədar video-çarx nümayiş etdirilib.