4 boksçumuz Avropa birinciliyinin yarımfinalında mübarizə aparacaq

4 boksçumuz Avropa birinciliyinin yarımfinalında mübarizə aparacaq


Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində 4 boksçumuz yarımfinalda çıxış etmək hüququ qazanıb.
52 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev 1/4 finalda macarıstanlı İştvan Szka üzərində qələbə qazanıb - 2:1 (29:28, 29:28, 28:29). Boksçumuz yarımfinalda italiyalı Marko Amorozo ilə qarşılaşacaq.
Hüseyn Tarverdili (70 kq) Fransa nümayəndəsi Kristof Fataki Bobozonu məğlub edib. Millimizin üzvü rəqibini 3-cü raundda nokauta salıb. O, finala gedən yolda Ermənistan boksçusu Vardan Kosyanla üz-üzə gələcək. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamla qələbə qazanıb - 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.
Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqə qazanmaqla Avropa birinciliyinin, ən azı, bürünc medalını özü üçün təmin edib. Boksçumuz 1/4 finalda macarıstanlı Mate Çazçarı üstələyib - 3:0. Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq.
Şükran Mehdiyev (80+ kq), Pərviz Quliyev (57 kq) və Rövşən Musayev (75 kq) 1/4 finalda mübarizəni dayandırıblar.
Komandamızın digər üzvü Elməddin İsmayılov isə (54 kq) elə ilk döyüşdəcə irlandiyalı Martin Stokesə uduzaraq, turnirdən kənarda qalıb. Avropa birinciliyinin ikinci günündə Elşən Qafarlı da (48 kq) Macarıstan nümayəndəsi Tar Sandora məğlub olub - 1:2. Boksçularımızdan Şamil İbrahimzadə (60 kq) və Turan Həsənli (66 kq) də ilkin mərhələdə məğlubiyyətlə üzləşiblər.
Avropa birinciliyinə noyabrın 16-da yekun vurulacaq.