Astarada “Heydər Əliyev İli” çərçivəsində voleybol üzrə məktəblilər arasında növbəti rayon turniri keçirilib. Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbdə təşkil olunan tədbirin açılış mərasimində Astara rayonu üzrə Gənclər və İdman sektorunun, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon sektorunun əməkdaşları, Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, “Fəxri Bədən tərbiyəsi və İdman işçisi”, yarışın baş hakimi Afət Əkbərov çıxış edib.
Çıxış edənlər “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb və komandalara uğurlar arzulayıblar. 8 məktəb komandasının iştirak etdiyi yarışda Yaqub Ağayev adına Artupa kənd tam orta məktəbin komandası birinci yerə sahib çıxıb. Nail Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbi ikinci, Aqşin Hüseynov adına Suparıbağ kənd tam orta məktəbi isə üçüncü olub. Qalib komandaya Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kuboku, fəxri yerləri qazanan komandaların üzvlərinə isə diplom və medallar təqdim olunub.