Türkiyənin “Fənərbağça” komandasının prezidenti Ali Koç Superliqanın dayandırılması ilə bağlı fikirlərini bildirib. O, baş verənlərdə hər kəsin payının olduğunu və heç kimin məsuliyyətdən çəkinməməsi lazım olduğunu söyləyib. “Bu problemlər Türkiyə Futbol Federasiyasının özünü ayıraraq başqalarına məsuliyyət qoyaraq həll edə biləcəyi problemlər deyil. Superliqanın dayandırılması barədə qərar verilərkən klublardan heç nə soruşmadılar. Fənərbağçanın avtobusu güllələnmişdi, içində 50 nəfər var idi. Hələ də hadisənin iştirakçılarının kimliyi məlum deyil. Lakin həmin dövrdə oyunlar dayandırılmamışdı”, - deyə Ali Koç bildirib.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi İdarə Heyətinin qərarından sonra çempionatlarda növbəti turun matçlarının dekabrın 19-dan bərpa olunacağını bildirib.
Xatırladaq ki, Türkiyə Superliqasının XV turu çərçivəsində “Ankaragücü” – “Çaykur Rizəspor” komandalarının 1:1 hesabı ilə başa çatan oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurmuşdu. Türkiyə Futbol Federasiyası bu səbəbdən bütün liqaların təxirə salındığını açıqlamışdı.