Madrid "Real"ının baş məşqçisi Karlo Ancelotti Çempionlar Liqasının yerinə tezliklə Avropa Superliqasının yaradıla biləcəyi ilə bağlı məlumatlara münasibət bildirib. “Bu məsələyə münasibət bildirmək üçün dekabrın 21-də nə baş verəcəyini gözləmək lazımdır. Ola bilsin ki, indiki futbolun tarixini dəyişəcək mühüm bir hadisə baş verəcək. Matç təqvimi və daha çox şey dəyişdiriləcək. Ancaq biz səbirli olmalıyıq" – deyə Madrid Universal X sosial şəbəkəsi (keçmiş Twitter) Ancelottinin sözlərini sitat gətirir.
Xatırladaq ki, əvvəllər mətbuatda “kral klubu”un prezidenti Florentino Peresin iki və ya üç divizionun daxil ola biləcəyi Super Liqanın yaradılması ilə bağlı 50-60 klubla danışıqlar apardığı barədə məlumatlar yayılıb. Həmçinin dekabrın 21-də UEFA və FİFA-ya qarşı antiinhisar iddiası üzrə Avropa İttifaqının məhkəməsi keçiriləcək. Əgər istənilən nəticə əldə olunsa, klublar bu qurumların himayəsi altında keçirilən turnirlərdə iştirakdan imtina edə biləcəklər.