Peşəkar boksçumuz növbəti döyüşünü keçirəcək

Azərbaycanı peşəkar rinqdə təmsil edən "Qəbələ” idman klubunun yetirməsi Fariz Məmmədov növbəti döyüşünü keçirməyə hazırlaşır.
Peşəkar boksçumuz dekabrın 14-də almaniyalı idmançı Matias Peklə qarşılaşacaq. Döyüş WBO və IBF versiyası üzrə Avroma kəməri uğrunda təşkil ediləcək. Qeyd edək ki, Matias Pek indiyə qədər keçirdiyi 21 döyüşün hamısında rinqdən qalib kimi ayrılıb. Qarşılaşma "Eurosport” kanalı ilə canlı yayımlanacaq.
Fariz Məmmədov hazırda Ukraynanın Xarkov şəhərində təlim-məşq toplanışındadır. Boksçumuzun məşqçisi Viktor Demçenko Farizin fiziki durumunun yüksək səviyyədə olduğunu bildirib: "Hazırlığın ilkin mərhələsini Qəbələdə yüksək səviyyədə keçirdik. Rəqibin çox güclü olduğunu bilirik. Ancaq idmançı üçün belə ciddi rəqiblərin olması faydalıdır. Fariz hazırda yaxşı formadadır və mən ona güvənirəm”.
Qeyd edək ki, dekabrın 14-də Fariz Məmmədov və Mattias Pek qarşılaşmasından başqa, daha 4 döyüş keçiriləcək. Peşəkar boksçular arasında keçirilən 4 döyüşdən 3-ü reytinq, 1-i isə Avropa kəməri uğrunda 12 raundluq titul döyüşü olacaq. 7 illik fasilədən sonra - 2012-ci ildən yenidən rinqə qayıdan həmyerlimiz son il yarımda keçirdiyi 3 döyüşün hamısını qələbə ilə başa vurub.