Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib.
Bakı İdman Sarayında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu ilin may ayında Dünya Taekvondosunun 50 illik yubileyi münasibətilə Bakıda dünya çempionatının keçirildiyini xatırladaraq, bunun Azərbaycan üçün böyük uğur olduğunu söyləyib. Prezident İlham Əliyevin idmanın bütün növlərinə diqqət və qayğı göstərdiyini vurğulayan nazir bu yaxınlarda iki taekvondoçunun dövlət başçısı tərəfindən mənzillə təmin olunduğunu bildirib. F.Qayıbov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Qaşım Maqomedovun uğurlu çıxışını da yüksək qiymətləndirib.
Yarışın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu deyən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov ölkə rəhbərliyinin idmanın bütün sahələrinə diqqət ayırdığını qeyd edib. K. Heydərov Azərbaycanda taekvondonun böyük tarixinin olmamasına baxmayaraq, bu idman növündə uğurlu nəticələr qazanıldığını diqqətə çatdırıb.
Bakının ev sahibliyi etdiyi dünya çempionatı ilə bağlı videoçarx nümayiş olunduqdan sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, 76 komandanın qatıldığı turnir dekabrın 28-də yekunlaşacaq.