Bu gün Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq reytinqli şahmat turnirinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil olan yarış Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı keçirilir.
Açılış mərasimində Naxçıvan Muxtar respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov və təhsil nazirinin müavini Ovni Muradov yarışla bağlı təəssüratlarını bölüşüb, iştirakçılara uğurlar arzulayıblar. Çıxışlarda qeyd olunub ki, Naxçıvan köklü şahmat ənənələrinə malikdir, regionun əlverişli şahmat infrastrukturu, bu sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq bu idman növündə davamlı uğurlar əldə olunur. Müxtəlif vaxtlarda Naxçıvan ölkəmizin və dünyanın bir çox tanınmış şahmatçılarının iştirakı ilə keçirilən önəmli tədbirlərə ev sahibliyi edib. Məcid Seyidov əlavə edib ki, bu yarışla birgə muxtariyyətin 100 iliyi münasibətilə il ərzində müxtəlif turnirlərin, tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Sonra yarışın baş hakimi beynəlxalq dərəcəli hakim, qadınlardan ibarət milli komandamızın baş məşqçisi Fikrət Sideifzadə ölkənin nüfuzlu şahmat regionu olan Naxçıvana növbəti səfərindən məmnunluğunu ifadə edib, reqlamentlə bağlı məlumatları diqqətə çatdırıb.
Məcid Seyidov və Ovni Muradov tərəfindən turnirin rəmzi ilk gedişi edikdikdən sonra görüşlərə start verilib.
İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə 63 şahmatçı qatılıb. Yarışda qadın qrossmeysterimiz Zeynəb Məmmədyarova, Fariz Əhmədov, Türkiyədən Efe Kul Özdəmir, paytaxt Bakı və muxtar respublikanım müxtəlif regionlarından şahmatçılar iştirak edir.
Yanvarın 15-də yekunlaşacaq turnirdə ilk üç yerin sahibləri və müxtəlif nominasiyaların qaliblərinə diplom və pul mükafatı təqdim olunacaq. Yekun nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.