Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir. Reytinq turnirinin ikinci günündə daha üç güləşçimiz xalça üzərinə çıxıb. Lakin təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə bilməyiblər.
Sərbəst güləş yarışlarında 125 kq çəki dərəcəsində qüvvəsini sınayan Vaxit Qalayev ilk mərhələdə misirli Diaeldin Abdulmutallibə qalib gəlib. Təəssüf ki, idmançımız 1/8 finalda amerikalı Meyson Parrisə məğlub olaraq mübarizəni dayandırıb. Bu çəkidə dərəcəsində mübarizə aparan digər təmsilçimiz Georgi Meşvildişvili 1/8 finalda gürcüstanlı Solomon Manaşviliyə qalib gəlib. 1/4 finalda iranlı Əmirrza Valadiyə uduzan pəhləvanımız təsəlliverici görüşdə gürcüstanlı Givi Matçaraşvilini mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda M.Parrislə güləşən G.Meşvildişvili məğlub olaraq yarışı medalsız başa vurub.
Qadın güləşçilərin yarışında isə 55 kq çəki dərəcəsində Gültəkin Şirinova xalça üzərinə çıxıb. 1/4 finaldan mübarizəyə başlayan idmançımız ukraynalı Mariya Vinnikə məğlub olaraq yarışla erkən vidalaşıb.
Qeyd edək ki, hazırda komandamızın aktivində 3 bürünc medal var. Komandamıza medalları yarışın ilk günündə xalça üzərinə çıxan Əliabbas Rzazadə,Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev(74 kq) qazandırıb.