Yüksək Liqa: "Murov Az Terminal" liderliyi ələ keçirdi 

Yüksək Liqa: "Murov Az Terminal" liderliyi ələ keçirdi 

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. 
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, günün ilk qarşılaşması “Murov Az Terminal” və “Gəncə” komandaları arasında olub. Gəncler və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyun “Murov Az Terminal”ın qələbəsi ilə başa çatıb - 3:0 (25:15, 25:21, 25:17).
Turun növbəti oyununda isə “Milli Aviasiya Akademiyası” və UNEC komandaları qarşılaşıb. UNEC-in idman zalında təşkil olunan görüş Vüqar Əliyevin yetirmələrinin 3:0 (25:20, 25:7, 25:10) hesablı qələbəsi ilə yekunlaşıb. 
Qeyd edək ki, 10-cu tura və II dövrəyə yanvarın 25-də keçiriləcək  “Abşeron” - “Azərreyl” oyunu ilə yekun vurulacaq. 
Beləliklə, “Murov Az Terminal” 23 xalla (8 qələbə)  turnir cədvəlinə liderlik edir. “Azərreyl” 22 xalla (7 qələbə) 2-ci, “Abşeron” 20 xalla (7 qələbə) 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.