Azərbaycan Güləş Federasiyası (AGF) bölgələrdə bu idman növünün inkişafı üçün silsilə tədbirləri davam etdirir. Bunlardan biri də zəngin güləş ənənələri olan idman zallarının infrastrukturunun yaxşılaşdırılması və inventarla təminatdır.
AGF bu məqsədlə Goranboy rayonu Qaradağlı kənd orta məktəbinin yunan-roma güləşi üzrə məşqlərinin keçirildiyi zalına iki dəst güləş döşəyi hədiyyə edib.
Həmin zalda yunan-Roma güləşi üzrə turnir keçirilib. Yerli yarışı Milli Məclisin deputatı Anar Məmmədov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev də izləyib. Açılış mərasimində çıxış edən A.Məmmədov ölkəmizdə güləşin inkişafının və kütləviliyinin yüksək səviyyədə olduğunu qeyd etməklə yanaşı, Qaradağlı kənd tam orta məktəbinə Güləş Federasiyası tərəfindən verilmiş döşəklərə və dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, məhz bu kənd Avropa çempionu və dünya ikincisi Həsrət Cəfərov, Avropa ikincisi və dünya üçüncüsü Taleh Məmmədov kimi tanınmış idmançıları yunan-Roma güləşimizə bəxş edib.