Lerikdə gənc nəslin sağlam böyüməsi üçün müxtəlif idman yarışların təşkili ənənə şəklini alıb. Rayon sakinləri tərəfində belə yarışlar maraqla qarşılanır. Bu günlərdə isə rayonda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2007-2009-cu illər təvəllüdlü oğlanlar arasında voleybol yarışı keçirilib.
Yarış A.Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin idman zalında təşkil olunub. Rayonda fəaliyyət göstərən 5 ümumtəhsil məktəbin mübarizə apardığı komandaların yarışında meydan sahibləri bütün rəqiblərini üstələyərək birinci yeri tutublar.
Lerik şəhər 3 saylı tam orta məktəbinin komandası yarışın ikincisi olub. Üçüncü yerə isə V.İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın komandası sahib çıxıb.
Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları təqdim olunub.