Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 14-cü tur çərçivəsində iki oyun təşkil olunub.
UNEC-in idman zalında keçirilən oyunda “Murov Az Terminal” və UNEC komandaları üz-üzə gəlib. Oyun “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər matçında GİN-nin Voleybol Mərkəzində “Abşeron” klubu “Gəncə”ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Abşeron” 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun son qarşılaşması bu gün GİN-nin Voleybol Mərkəzində keçiriləcək. “Milli Aviasiya Akademiyası” və “Azərreyl” arasında təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.
Beləliklə, “Azərreyl” 33 xalla (11 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.